BAKI, 20 yanvar — Sputnik. Koronavirusun Böyük Britaniya ştammı artıq dünyanın 60 ölkəsində aşkarlanıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik hesabatında bildirilib.
"12 yanvardan etibarən virusun VOC-202012/01 variantı daha 10 ölkə/ərazi/bölgədə aşkarlanıb. Bu günə olan məlumata görə, ümumilikdə dünyanın 60 ölkəsi koronavirusun bu variantının öz ərazisinə daxil olduğu barədə məlumat verib", – deyə qurumun internet saytında yayılan hesabatda qeyd olunur.
ÜST-dən o da bildirilib ki, koronavirusun ilk dəfə CAR-da aşkarlanan 501.V2 ştammlı daha bir mutasiyası üç ölkədə də qeydə alınıb. Beləliklə, COVID-19-un sözügedən variantının yayıldığı ölkələrin sayı 23-ə çatıb.
Hesabata əsasən, son bir həftədə dünyada koronavirusa 4,7 milyondan çox yeni yoluxma halı qeydə alınıb. Bu göstərici əvvəlki həftə ilə müqayisədə 6 faiz azdır. Bununla belə, ölüm halları 93 mini keçərək rekord həddə çatıb ki, bu da əvvəlki məlumatlarla müqayisədə 9 faiz çoxdur.
Qeyd edək ki, ötən ilin dekabr ayının ortalarında Böyük Britaniyada SARS-CoV-2 virusunun daha təhlükəli mutasiyası aşkarlanıb. Yeni növ koronovirusun əvvəlkindən daha ölümcül olduğu barədə xəbərlər yayılsa da, bu məlumat rəsmi şəkildə təsdiqini tapmayıb.
Xatırladaq ki, koronavirusun daha bir mutasiyası olan 501.V2 ştammı ilk dəfə 2020-ci ilin oktyabr ayında Cənubi Afrikada müəyyən olunmuşdu. İlkin tədqiqatlar virusun bu növünün daha sürətlə yayıldığını göstərib. Bununla belə, hələlik 501.V2 ştammının xəstəliyin daha ağır formada keçməsinə səbəb olduğunu təsdiqləyən elmi dəlillər yoxdur.