Falçı ona 22 yaşında öləcəyini, amma tanınmış adam olacağını deyib

Qardaşının nişanına gəlmək üçün yanvarın 20-nə qatara bilet alıb. Lakin 19 yanvar gecəsi qatil gülləsinə tuş gəlib.
Sputnik

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Azadlığımızı borclu olduğumuz şəhidlərdən olan Habil Əzizov 1968-ci ildə yanvarın 19-da Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. Düz 22 il sonra, elə həmin gün qismətinə şəhid olmaq yazılıb. Hərbi xidməti yenicə başa vurub yarımçıq qalmış Azərbaycan Xalq Təsərüfatı institunda təhsilini davam etdirib. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Anası Zinayyə Əzizova Habilin Bakıya qış sessiyasının imtahanlarını vermək üçün getdiyini söyləyib:

Falçı ona 22 yaşında öləcəyini, amma tanınmış adam olacağını deyib
"Ad günü olduğundan əmisi onun adına məclis hazırlayıb. Lakin Habil zaçotunu alıb Salyanski kazarmanın yanından keçəndə görüb insanlar hərbi hissənin qabağına toplaşıb. Sovet qoşunlarının şəhərə girməsinin qarşısını kəsmək istəyirmişlər. O da çox vətənpərvəriydi. Dayanıb onlara qoşulub. Tanklar çıxanda əl-ələ tutub tankların qabağında dayanıblar. Oğlum tankın qabağından qaçmayıb. Tank üstündən keçib. Əmisi morqda qolundakı saatdan və hədiyyə aldığı köynəyindən tanıyıb", - deyə məlumat verib.

Z.Əzizova Habilin əsgərlikdə olan vaxt fala baxdırdığını, falçının ona 22 yaşında öləcəyini, lakin çox tanınmış bir adam olacağını dediyini söyləyib.

Qardaşı Etimad Əzizovun bildirdiyinə görə, bu hadisədən 31 il keçsə də, ailənin yaddaşından silinməyib. Hər kəs Habili yanvarın 21-də rayonda gözləyirmiş, lakin onun şəhid tabutu gəlib:

Falçı ona 22 yaşında öləcəyini, amma tanınmış adam olacağını deyib
"Bu, bütün ailəmiz üçün əsl faciə idi. 21 yanvarda mənim nişanım olmalı idi. Habil yanvarın 20-nə qatara bilet də alıb. Yanvarın 21-də mənim nişanıma çatmalı idi. Son dəfə danışanda, "məni gözlə Etimad, sabah gəlirəm", dedi. Nə biləydik ki, həmin günü şəhid tabutu gələcək", - deyə qardaşı bildirib.

20 Yanvar şəhidi olan Habil Əzizov, doğulduğu qəsəbə qəbiristanlığında dəfn edilib. Bakıdakı Şəhidlər Xiyabanında isə şəkli əbədiləşib. Habilin təhsil aldığı orta məktəb hazırda onun adını daşıyır.