BAKI, 20 yanvar — Sputnik. Qarabağda daha bir erməni hərbçinin cəsədi tapılıb. Sputnik Ermənistan xəbər verir ki, bunu sabiq qondarma rejimin "Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin" "mətbuat xidmətinin" rəhbəri Unan Tadevosyan bildirib.
O, qeyd edib ki, ötən gün axtarışlar Hadrut, Füzuli, Cəbrayıl, və Ermənistanın Sünik vilayətində aparılıb:
"Axtarış nəticəsində bir nəfərin cəsədinin qalıqları tapılıb. Əsgərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün qalıqlar məhkəmə ekspertizasına aparılıb".
Tadevosyan qeyd edib ki, bu gün axtarış işləri aparılmayacaq:
"Azərbaycan tərəfi yanvarın 20-i Ümumxalq Hüzn Günü ilə bağlı axtarışların keçirilməsini qadağan edib. Onlar bildirdilər ki, ermənilərin onların ərazisinə keçmələrini istəmirlər".
O, həmçinin vurğulayıb ki, axtarış işlərini qarın yağması ilə bağlı da keçirmək mümkün deyil.
Qeyd edək ki, yanvarın 20-nə olan məlumata görə, Ermənistan tərəfi 1195 hərbçinin cəsədini və ya cəsəd qalıqlarını tapıb.
Ümumilikdə isə Ermənistan Səhiyyə Nazirliyi sentyabrın 27-dən noyabrın 9-dək erməni tərəfinin 3330 nəfər itki verdiyini açıqlayıb.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.