İlham Mustafayev, Sputnik Azərbaycan
BAKI, 18 yanvar — Sputnik. Ağ, qırmızı, qara rəngli lobyalar və qarğıdalı dənələrini bir yerdə təsəvvür edin. Bunlar ayrılıqda dənli və paxlalı bitki növləri olsa da, Tovuz sakini Anar İsmayılovun əlində dekorativ əl işləri üçün ləvazimata çevrilirlər. Gənc usta onlardan müxtəlif növ və ölçüdə dekorativ fiqurlar hazırlayır. Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində A.İsmayılov 2016-cı ildən bu sahə ilə peşəkar şəkildə məşğul olduğunu bildirib. İndiyədək müxtəlif ölçüdə yüzlərlə suvenir hazırlayıb. Ən sevdiyi işi isə zəfər ərəfəsində hazırladığı Şuşadakı Yuxarı Gövhər ağa məscidinin maketidir. Anar bu suveniri Şuşaya gedərək könüllü kimi çalışdığı Tovuz Gənclər Evi adından məscidə hədiyyə etmək istədiyini söyləyib:
“Mən əvvəllər də Şuşa məscidinin maketini hazırlamışam. Həmin əl işini 2016-cı ildə işğaldan azad edilən Cocuq Mərcanlıya aparıb hədiyyə etmişdim. Lakin həvəssiz düzəltmişdim. Şuşa işğalda olduğundan o əsərdə ruh yox idi. İkinci məscid maketini isə noyabrın əvvəllərindən hazırlamağa başladım. Hazırladıqca qələbənin qoxusunu duyurdum. Belə də oldu, suvenir hazır olmamış prezident Şuşanın azad olunması xəbərini elan etdi", - deyə Anar bildirib.
A.İsmayılovun sözlərinə görə, hər əl işinə 3 gündən bir ayadək vaxt sərf edir. Ləvazimatlara gəlincə isə, böyüklüyündən asılı olaraq 2-5 kq lobya lazım olur. Əvvəl kartonla hazırlamaq istədiyi fiqurun maketini hazırladıqdan sonra üzərinə yapışqanla lobya dənələri yapışdırır. O, hazırladığı suvenirə rəng vurmur. Rəng müxtəlifliyini yaratmaq üçün rəngli lobyalar və qarğıdalıdan istifadə edir. Sonunda isə şəffaf lak çəkərək əl işini həm uzun ömürlü, həm də gözəl edir.
Tovuzlu gəncin indiyədək hazırladığı böyük ölçülü Heydər Əliyev muzeyi, "Alov qüllələri" kompleksinin maketləri bir çox sərgilərdə nümayiş olunub. 2018-ci ildə keçirdiyi sərgidə 120-dən çox əl işini nümayiş etdirib. A.İsmayılov eyni zamanda gələcək planlarından da bəhs edib:
“Hazırda işğaldan azad edilmiş ərazilərimizdə olan Xudafərin körpüsünün maketi üzərində işləyirəm. Bu əl işini də böyük ölçülü nəzərdə tutmuşam. Gələcəyə aid planlarım çoxdur. İndiyədək yerli sərgilərdə əl işlərimi nümayiş etdirmişəm. Pandemiyadan sonra əsərlərimlə xarici ölkələrin birində olmaq istəyirəm”, - deyərək planları haqda danışıb.
26 yaşlı dekor ustası suvenirlər hazırlamaqla yanaş, könüllü çalışdığı Tovuz Gənclər Evində maraqlananlara bu sənətin sirlərini də öyrədir.