Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 18 yanvar — Sputnik. "Azərbaycan ən müasir, zəngin ölkələrin siyahısındadır ki, vaksinasiyaya başlanılıb".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Səhiyyə naziri Oqtay Şirəliyev deyib.
O bildirib ki, bəzi ölkələrdə ilin sonuna, bəlkə də gələn ilə vaksinasiya planlaşdırılır: "Mütəxəssislər qərara gəliblər ki, Azərbaycan üçün ən yaxşı vaksin "Sinovac" şirkətinin vaksinidir. Bir neçə ölkələrdə kliniki sınaqlardan keçib. Heç bir yerdə fəsadı olmayıb. Qardaş Türkiyədə də bu vaksindən istifadə olunur. Həmçinin kifayət qədər effektlidir. Hər vaksinasiyadan sonra müəyyən insanlar xəstələnə bilər, amma onlar da xəstəliyi yüngül keçirirlər. Bunlar nəzərə alınaraq, seçim olundu. Bu gündən vaksinasiya başlayır. Jurnalistləri də vaksinasiyaya qoşulmağa dəvət edirik".