BAKI, 18 yanvar — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, A.Səhhət küçəsi 28 ünvanında yerləşən, fiziki şəxs İbrahimova Səyyarə Oruc qızına məxsus çörək istehsalı müəssisəsinə baxış keçirib. AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb.
Belə ki, un məmulatlarının saxlanması zamanı texniki normativ hüquqi aktların tələblərinin gözlənilmədiyi, müəssisədə çalışan işçilərin tibbi müayinədən keçirilmədiyi, xüsusi geyim və baş örtüyündən istifadə edilmədiyi, emal prosesində istifadə olunan qabların təmizlənmədən antisanitar şəkildə istifadə edildiyi, havalandırma sisteminin quraşdırılmadığı müəyyən olunub.
Aşkar edilən nöqsanlarla bağlı çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.