CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusla 5G-nin heç bir əlaqəsi yoxmuş

Ən çox isə (tədqiqat iştirakçılarının 21% -i tərəfindən qeyd edilib) "COVID-19 və 5G texnologiyası arasında əlaqə tapan nəzəriyyələrə rast gəlinib.
Sputnik

BAKI, 18 yanvar — Sputnik. Beşinci nəsil (5G) rabitə şəbəkələrinin yerləşdirilməsi ilə koronavirus infeksiyalarının sayının artması arasında əlaqə demək olar ki, yoxdur.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, "Deloitte" beynəlxalq konsaltinq şirkəti tərəfindən aparılan bir araşdırma bunu sübut edib.

Araşdırmada deyilir ki, 2020-ci ildə geniş yayılmış 5G-nin sağlamlığa təsiri ilə bağlı miflərdən biri də 5G şəbəkələrinin yayılması ilə COVID-19 infeksiyalarının artması arasındakı uydurma əlaqədir.

Belə ki, 5G texnologiyasının COVID-19 ötürməsi "nəzəriyyəsi sadəcə gülüncdür, çünki bu mümkün deyil. COVID-19 hava damcıları ilə yayılan və insandan insana ötürülən bir virusdur. Viruslar radio dalğaları vasitəsi ilə yayıla bilməz".

Analitiklər qeyd edir ki, digər bir mif isə, 5G-nin insanların immunitet sistemini zəiflətməsi və onları yoluxucu xəstəliklərə daha həssas edən radiasiya mənbəyi olmasıdır.

Analitiklərin fikrincə, bu da səhvdir.

Böyük Britaniyanın media tənzimləyici qurumu "Ofcom"-un 2020-ci il iyun ayının sonunda apardığı araşdırmaya görə, anket məlumatları dərc olunana qədər olan son bir həftədə respondentlərin 29 faizi COVID-19 haqqında yalan və ya səhv məlumatlarla qarşılaşıb.

Ən çox isə (tədqiqat iştirakçılarının 21%-i tərəfindən qeyd edilib) "COVID-19 və 5G texnologiyası arasında əlaqə tapan nəzəriyyələrə rast gəlinib.

Tədqiqat müəllifləri 5G-nin COVID-19 infeksiyasına təsiri ilə bağlı nəzəriyyələrin 2020-ci ildə olduğu kimi 2021-ci ildə də geniş yayılacağını proqnozlaşdırırlar.