CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu hava axırımıza çıxacaq - ekspertlərdən bədbin proqnoz

Umayra Tağıyevanın sözlərinə görə, soyuq hava cərəyanları ölkəyə daxil olmur, buna görə də havanın temperaturu çoxillik normadan 2 dərəcəyədək yüksəkdir.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. "Yanvar ayının ilk günlərindən hava çox xoş keçir, mülayimdir. Külək müşahidə olunmur". Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva danışıb. O qeyd edib ki, soyuq hava cərəyanları ölkəyə daxil olmur, buna görə də havanın temperaturu çoxillik normadan 2 dərəcəyədək yüksəkdir.

Onun sözlərinə görə, son onilliklərdə iqlimdə istiləşmə gedir.

Belə ki, istiləşmə ölkə ərazisində qeyri-bərabər şəkildə paylanır. Bəzi bölgələrdə göstəricilər daha yüksəkdir, məsələn, 1.4 dərəcə. Bəzi bölgələrdə 0.8 dərəcə. Amma istiləşmə prosesi müşahidə olunur.

İqlimin istiləşməsi nəticəsində qış aylarında şaxtalı günlərin sayı əhəmiyyətli dərəcədə azalıb:

"Azalma varsa, yağıntılar artıq qar şəklində deyil, yağış şəklində düşür. Yağıntıların da miqdarında azalma qeydə alınır. Bu problem nəinki Azərbaycanda, bir çox ölkələrdə baş verir. Bu da iqlim dəyişmələrinin təzahürləridir".

Ekoloq Vaqif Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iqlim dəyişmələri landşaft qurşaqlarının sərhədlərinin yuxarı irəliləməsinə, isti və mülayim qurşaqların sahəsinin genişlənməsinə, soyuq qurşaqlarının sahəsinin isə azalmasına gətirib çıxarır.

Mütəxəssisin sözlərinə görə, dünya üzrə iqlim dəyişmələrinə nəzarət üçün Kiota protokolunun müddəti bitsə də, hələ ki, arzuolunan nəticə əldə edilməyib:

"Hal-hazırda bu protokolun ardınca İqlim Dəyişmələrinə dair Paris çərçivə Konvensiyası bu işi davam etdirir. Bu konvensiyada hər bir ölkə istixana qazlarının emissiyasını azaltmaq üzrə öhdəçilik götürür. Azərbaycan da baza ili kimi 1990-cı ili seçərək 2030-cu ilədək istixana effektli qazların emissiyasını 35% azaltmağı hədəf götürüb"

Onun sözlərinə görə, iqlim dəyişmələri havaların istiləşməsi ilə nəticələnir. Bu səbəbdən adaptasiya tədbirlərinin görülməsi çox önəmlidir.

İqlim dəyişikliklərinin yaratdığı problemləri aradan qaldırmaq üçün quraqlığa davamlı yeni bitki növlərinin becərilməsi, əkin sahələri və su hövzələri boyunca su qoruyucu və tarla qoruyucu zolaqların salınması, suvarmada damcılı və yağış suvarma texnologiyalarının tətbiqi, su anbarlarının tikilməsi, sel və daşqınlara qarşı qoruyucu bəndlərin tikilməsi və s. qoruyucu tədbirlər görülməlidir.

V.Əliyev vurğulayıb ki, iqlim dəyişikliyi illərlə baş verən bir prosesdir. Məsələn, illərlə qar yağmır, külək olmur və birdən qar yağmağa, külək əsməyə başlayır. Abşeron yarımadasında külək, günəş, rütubət var. Burada günəşli günlərin sayı daha azdır və quru hava şəraiti daha çox olur.

Həkim terapevt Xatirə Əhmədovanın sözlərinə görə, havaların anomal keçməsi müxtəlif xəstəliklərin yayılmasına, xüsusilə də soyuqdəymə adlanan hala gətirib çıxarır.

Buna səbəb isə insanların bədən temperaturlarını tənzimləyə bilməmələri ilə əlaqədardır.

Onun sözlərinə görə, bədən tempraturu tez-tez dəyişdiyinə görə, immunitet zəifləyir. İmmunitet zəiflədiyi zaman xəstəliklərə yoluxma asanlaşır.

"Belə havalarda insan özünü halsız, yuxusuz, iştahsız hiss edir. Bu, uzun müddət davam edəndə immunitet zəifləyir və xəstəliyə tutulma riski artır" - deyən həkim belə havalarda havaya uyğun geyinməyi məsləhət görür.

Həkim əlavə edib ki, pandemiya dönəmi olduğu üçün insanlar sağlamlıqları ilə daha diqqətli davranmalıdır:

"Qidalanmaya, geyim tərzinə xüsusi diqqət yetirilməlidir. Qalın və ya nazik geyinmək olmaz. Özünüzü havaya uyğunlaşdırın. Qidalara gəldikdə isə vitaminlərlə zəngin qidalara - meyvə-tərəvəzə üstünlük verin. Məsələn, qaraciyər, yumurta, balıq, banan, portağal və s. qidalara rasionunuzda daha çox yer ayırın".

Mütəxəssislərə görə, anomal hava şəraitində daha çox tərləmədən qorunmaq lazımdır. Çünki bədən tərli ikən soyuqlama daha tez baş verir.