CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın tibb müəssisələrində peyvənd zonası yaradıldı - Reportaj

Departament müdiri: Azərbaycan üçün alınıb gətirilən vaksin bir neçə ölkələrdə kliniki sınaqlardan keçib. Ona görə də narahatlığa heç bir əsas yoxdur.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. Bu gündən Azərbaycanda tibb işçilərinin COVID-19 xəstəliyi əleyhinə vaksinasiyasına başlanılıb. Sputnik Azərbaycan paytaxtdakı tibb müəssisələrində vaksinasiya prosesini izləyib.

Səhər saat 10:00-dan etibarən paytaxtın Səbail rayonu 2 saylı poliklinikasında tibb işçilərinin vaksinasiyasına hazırlıq başlamışdı. Poliklinikanın şöbə müdiri Solmaz Tağıyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, COVID-19 xəstəliyi əleyhinə vaksinasiyaya hazırlıq başa çatıb. Bunun üçün poliklinikada peyvənd zonası yaradılıb: "COVID-19 xəstəliyi əleyhinə vaksinasiyasının aparılması üçün poliklinikamızda 3 otaq ayrılıb. Birinci otaq vaksin olunacaq şəxslərin qeydiyyatı üçün nəzərdə tutulub. Peyvənd olunacaq tibb işçiləri bu otağa yaxınlaşaraq qeydiyyata düşəcəklər. Digər otaq isə həkim-müayinə otağıdır. Bu otaqda tibb işçiləri müayinədən keçiriləcək. Vaksinin vurulması üçün hər otaqda iki peyvənd edən tibb işçisi əyləşəcək. Qeyd edim ki, vaksinin hər ampulu bir şəxsə vurulacaq. Peyvənd edilən işçilər 30 dəqiqə ayrıca otaqda saxlanılacaqlar. Bu, vaksin vurulan şəxsdə yan təsirlərin olub-olmadığını izləmək məqsədi daşıyır".

Azərbaycanın tibb müəssisələrində peyvənd zonası yaradıldı - Reportaj

 

S.Tağıyeva bildirib ki, 2 saylı poliklinikanın 150 nəfərdən ibarət tibb işçi heyəti var. Onlardan 20 nəfəri koronavirus infeksiyası keçirib: "Bəzi şəxslər bildiyimiz kimi koronavirusu gizli keçirir. Ona görə də tibb işçilərinə vaksin vurulmazdan öncə onlarda bu virusa qarşı qanda antitel ölçüləcək. Bunun üçün onlar qandan analiz verəcəklər. Əgər virusa qarşı kifayət qədər antitel varsa, həmin şəxslər vaksin edilməyəcək".

Şöbə müdiri bildirib ki, poliklinikada fevralın 1-dək tibb işçilərinin vaksinasiyası başa çatacaq: "Bu gün 10 nəfər tibb işçimiz müayinə olunduqdan sonra vaksin ediləcək".

Bakı Sağlamlıq Mərkəzində isə tibb işçilərinin vaksinasiyasına start verilib. Bu müəssisədə tibb işçilərinin peyvənd edilməsi üçün böyük peyvənd otağı ayrılıb. Sağlamlıq Mərkəzindən Sputnik Azərbaycan-a bildiriblər ki, burada təkcə Mərkəzdə çalışan tibb işçiləri deyil, Səhiyyə Nazirliyində və TƏBİB-də çalışan şəxslər də peyvənd ediləcəklər. Mərkəzdə COVID-19 xəstəliyi əleyhinə vaksin ilk olaraq Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə vurulub. Nazir burada jurnalistlər qarşısına çıxaraq vaksinlə bağlı bəzi məqamlara aydınlıq gətirib. O.Şirəliyev bildirib ki, Azərbaycan vaksin alan az saylı ölkələrdəndir. O, Azərbaycan üçün ən yaxşı vaksinin -"Sinovac" şirkətinin peyvəndinin alınıb gətirildiyini bildirdi. Nazir qeyd edib ki, bu vaksin bir neçə ölkələrdə kliniki sınaqlardan keçib, heç bir yerdə fəsadı olmayıb: "Qardaş Türkiyədə də bu vaksindən istifadə olunur. Həmçinin kifayət qədər effektlidir. Hər vaksinasiyadan sonra müəyyən insanlar xəstələnə bilər, amma onlar da xəstəliyi yüngül keçirirlər. Bunlar nəzərə alınaraq, seçim olundu".

 

Bakı Sağlamlıq Mərkəzində Səhiyyə nazirinin müavinləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı və qurumların məsul əməkdaşları koronavirusa qarşı peyvənd olunublar.

Sputnik Azərbaycan Mərkəzdə vaksin edilən şəxslərin də təəssuratlarını öyrənib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin departament müdiri Aygün Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vaksinin vurulmasından yarım saat keçib. Amma özündə heç bir əlavə yan təsir hiss etməyib: "Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə peyvənd bilirsiniz ki, ilk növbədə tibb işçilərinə vurulur. Ona görə də tibb sahəsində çalışanlar bu prosesdən kənarda qala bilməz. Mən də bu gün vaksin olunmaq üçün Bakı Sağlamlıq Mərkəzinə gəlmişəm. Vaksinin vurulmasından yarım saat keçsə də, səhhətimdə heç bir dəyişiklik yoxdur. Özümü tam normal, vaksin vurulmazdan əvvəl olduğu kimi hiss edirəm. Buradan vaksin üçün risk qrupuna da müraciət edərək demək istəyirəm ki, bu prosesdən kənarda qalmasınlar. Çünki Azərbaycan üçün alınıb gətirilən vaksin bir neçə ölkələrdə kliniki sınaqlardan keçib. Ona görə də narahatlığa heç bir əsas yoxdur. Dünya bu virusla mübarizəni vaksinasiyada gördüyü üçün Azərbaycan COVID-19 xəstəliyi əleyhinə peyvəndlərin alındığı ilk ölkələrdən oldu".

Azərbaycanın tibb müəssisələrində peyvənd zonası yaradıldı - Reportaj

 

Peyvənd otağında tibb bacıları ilə söhbət zamanı öyrəndik ki, vaksinin vurulması üçün soyuq zəncir sisteminə əməl olunur. Hər bir vaksin otağında peyvəndin saxlanılması üçün soyuducular var. Peyvənd soyuducudan götürüldükdən dərhal sonra tibb işçilərinə vurulur. Onlar hələ ki, vaksinin yan təsirinin qeydə alınmadığını, vaksinasiya prosesinin normal getdiyini bildiriblər.

Qeyd edək ki, bu gün paytaxtda Bakı şəhəri A.H.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikası, 2 nömrəli Şəhər Poliklinikası, 7 nömrəli Şəhər Poliklinikası, 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında tibb işçilərinin COVID-19 əleyhinə vaksinasiyası aparılıb.

Azərbaycanın tibb müəssisələrində peyvənd zonası yaradıldı - Reportaj

Məlumat üçün bildirək ki, ölkəmizdə virusa qarşı vaksinasiya strategiyası təsdiq olunub. Strategiyanın hədəf qrupları iki yerə bölünüb. COVID-19 əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:

Sosial cəhətdən yüksək risk qrupu:

1. səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət) ;

2. hüquq mühafizə orqanlarının əməkdaşları;

3. hərbi qulluqçular;

4. saxlanılan, həbs edilmiş şəxslər və məhkumlar;

5. təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

Tibbi cəhətdən yüksək risk qrupu:

1. yaşlı əhali ≥65;

2. TSXX, xroniki hemodializ xəstələri, şəkərli diabet II tip (≥50), piylənmə (≥18).

Azərbaycanın tibb müəssisələrində peyvənd zonası yaradıldı - Reportaj

 

Sözügedən strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Hazırda vaksinasiya prosesi ABŞ, Avropa ölkələri, Türkiyədə və dünyanın digər qabaqcıl ölkələrində aparılır. Azərbaycan da bu qabaqcıl ölkələr sırasındadır. Mütəxəssislər qeyd edirlər ki, vaksinasiyanın başlanması hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil. Bundan sonra da hər kəs karantin rejiminin tələblərinə əməl etməli, sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən istifadəyə davam etməlidir. Onu da qeyd edək ki, "CoronoVAC" vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanmışdır. Vaksinin ölkəyə mərhələli şəkildə gətirilməsi nəzərdə tutulub.