İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 17 yanvar — Sputnik. Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində uzun illərdir ki, dənizə kanalizasiya suları axıdılır. Qəsəbə sakinlərinin sözlərinə görə, qəsəbədə kanalizasiya sistemi olmadığı üçün vətəndaşlar kanalizasiya sularının axıdılması üçün xüsusi qazılmış "şambo"lardan istifadə edir.
Adətən çirkab sular dənizə axıdılır. Bununla yanaşı Kürdəxanı və Pirşağı qəsəbələrində kanalizasiya sularının axıdılığı göllər də var. Bu problemin qarşısını almaq üçün qəsəbələrə kanalizasiya sistemi çəkilməlidir. Ötən il Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi üçün qərar verilsə də, görünən odur ki, qeyd olunan qəsəbələrdə hələ heç bir iş görülməyib.
Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi planda olsa da, yəqin ki, bundan sonra məsələyə birbaşa məsul olan qurum "Azərsu" ASC işğaldan azad edilmiş ərazilərdə müvafiq işlər görəcək. Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi məsələsi hələ bir müddət qalacaq. Çünki bu gün əsas prioritet məsələ işğaldan azad edilmiş torpaqların bərpasıdır.
Onun sözlərinə görə, Pirşağıda Cənubi Koreya şirkəti tərəfindən kanalizasiya sularının təmizlənməsi ilə bağlı stansiya tikilir. Stansiya istifadə verildikdən sonra Mehdiabad, Ceyranbatan və s. yaxın qəsəbələrin kanalizasiya boruları həmin stansiyaya qoşulacaq.
F.Həsənov qeyd edib ki, kanalizasiya suları təmizləndikdən sonra dənizə axıdılmalıdır: "Qonşu Türkiyədə kanalizasiya suları təmizləndikdən sonra dənizə axıdılır. Kanalizasiya suyu o qədər təmizlənir ki, Azərbaycanda olsa, içməli sudan fərqləndirmək mümkün olmaz. Bu qədər təmizlənməsinə baxmayaraq, həmin sular xüsusi borularla dənizin daxilində 5 kilometr məsafəyə buraxılır".
Professor bildirib ki, içməli suyun bir litrində 1 qram, Xəzər dənizinin suyunun 1 litrində 13-15 qram duz var. Kanalizasiya suları təmizlənib dənizə axıdıldığı təqdirdə, dənizin suyunun tərkibinə təsir etmir. Təmizlənmədiyi halda isə kanalizasiya suyunun tərkibində olan zərərli maddələr dəniz suyuna qarışır. Belə olan təqdirdə həmin ərazilərin çimərlik kimi istifadə edilməsi sağlamlıq üçün təhlükəlidir.
"Çirkab sularının birbaşa təmizlənmədən dənizə axıdılması müxtəlif dəri, mədə-bağırsaq və s. xəstəliklərə səbəb olur. Vətəndaşlar sağlamlıqları üçün bu ərazilərdən çimərlik kimi istifadə etməməlidirlər", - deyə F.Həsənov bildirib.
Dövlət Ekoloji Təhlükəsizlik xidmətinin rəis müavini Ramal Bağırovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2007-ci ildən bu günə qədər 17 ədəd su təmizləyici qurğu quraşdırıb.
Bu problemin qalmasının səbəbi isə müvafiq ərazilərdə kanalizasiya sisteminin olmamasıdır. Dənizə açılan axar 2000-ci ildə çəkilib və keçən dövr ərzində mütəmadi olaraq monitorinqlər aparılıb, analizlər götürülüb. Nəticələr barədə "Azərsu" ASC-yə məlumat verilib.
Ekoloq Telman Zeynalovun fikrincə, çirkab və kanalizasiya sularının dənizə axıdılması insan sağlamlığı ilə yanaşı, Xəzərin biomüxtəlifliyi üçün də təhlükəlidir. Onun sözlərinə görə, Kürdəxanı ərazisində dənizə çirkab sularının axıdılmasına nəzarət yerli icra orqanları və Ekologiya və Təbii Sərvətlər Nazirliyindədir. Belə ki, qurumlar həmin ərazilərdə mütəmadi olaraq monitorinqlər aparmalı, bu kimi vəziyyətləri açıqlamalı və müvafiq tədbirlər görməlidir.
Məsələ ilə bağlı "Azərsu" ASC ilə əlaqə saxlamaq mümkün olmadı. Ancaq qurumun rəsmisi Şöhrət Süleymanov yerli mətbuata açıqlamasında bildirib ki, bu ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil: "Abşeron yarımadası üzrə Master Plana uyğun olaraq Pirşağı hövzəsi üzrə müasir standartlara uyğun bioloji tullantı su təmizləyici qurğusunun inşası aparılıb. Hazırda tamamlanma işləri aparılır".
Qeyd edək ki, Xəzər dənizinə antropogen təsir göstərən axarların qarşısının alınması və çirkab suların təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə Bilgəh, Mərdəkan, Novxanı, Buzovna, Sumqayıtın Xəzər sahili ərazilərində ETSN tərəfindən onlarla modul tipli lokal təmizləyici qurğu quraşdırılıb.
Xəzər sahili ərazilərdə quraşdırılan bu qurğular sayəsində bu ərazilərdə dənizə çirkab su axıdılmır.