SƏHİYYƏ

Koronavirusa ikinci dəfə yoluxma necə baş verir

Bəzi hallarda xəstəlikdən sağalıb evə yazılan pasiyentlərin verdikləri testlər mənfi nəticə göstərsə də, həmin şəxslərin xəstəxanadan çıxandan 4-17 gün sonra yenidən koronavirusa yoluxduğu qeydə alınıb.
Sputnik

BAKI, 17 yanvar — Sputnik. Dünyada COVID-19 pandemiyası başlayandan bu yana ən çox müzakirə olunan məqamlardan biri də koronavirusa ikinci dəfə yoluxmanın mümkün olub-olmamasıdır. Tibb sahəsi üzrə fəaliyyət göstərən elm adamları, nəhayət, bu suala konkret cavab verə biliblər.

Koronavirusdan da betər epidemiya yayılıb - Myasnikov

Sputnik Azərbaycan "Komsomolskaya Pravda"ya istinadla xəbər verir ki, alimlərin nəzəriyyəsinə görə, xəstəlik bədənə yayılan vaxt bəzi viruslar hüceyrələrarası mayenin - eksozomların içindəki qovuqcuqda "gizlənə" bilir və orqanizm xəstəliyə qalib gələndən sonra yenidən üzə çıxır. Koronavirus infeksiyasından ölən xəstələrin toxuma nümunələrinin təhlilləri göstərir ki, COVID-19 infeksiyası da yoluxmuş hüceyrələrin qovuqcuqlarına nüfuz etməyə qadirdir. Bununla yanaşı, alimlər eksozomların içərisində koronavirusun yalnız fərdi hissəciklərini deyil, bütöv kütləsini də aşkarlayıblar.

Qeyd edək ki, koronavirusa yoluxmuş xəstələrlə bağlı bəzi nəticələr bu nəzəriyyəni təsdiqləyir. Müəyyən hallarda xəstəlikdən sağalıb evə yazılan pasiyentlərin verdikləri testlər mənfi nəticə göstərsə də, həmin şəxslərin xəstəxanadan çıxandan 4-17 gün sonra yenidən koronavirusa yoluxduğu qeydə alınıb.

Mütəxəssislər bu səbəbdən COVID-19-a yoluxub sağalmış insanların da qoruyucu vasitələrdən istifadə etməsinin və maska taxmasının vacibliyini vurğulayırlar. Peyvənd olunan şəxslərin maska taxıb-taxmaması məsələsi isə hələlik müzakirə mərhələsindədir.