CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alpinist xanım: "İnsan kiməsə görə xəyallarından vaz keçəndə bir gün heçə çevrilir" - FOTO

Zirvəyə qalxanda zəng edib deyirəm ki, "ana, mən artıq filan zirvədəyəm". O da deyir ki, bu məni maraqlandırmır, əsas odur ki, sən sağsan". Zaman keçdikcə anam məni televiziyada, jurnallarda görəndə hiss edirəm ki, fəxr edir. Amma bunu büruzə vermir"
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. Vəfa Qəhrəman təhsil işçisi, peşəkar həyat və biznes təlimçisidir. Amma biz sizə onun böyük zirvələri fəth edən, cəsur tərəflərini təqdim edəcəyik. Vəfa xanım alpinist olmağın çətinliklərindən, qalxdığı zirvələrdən Sputnik Azərbaycan-a danışıb: "Əvvəllər heç vaxt təsəvvür etməzdim ki, nə vaxtsa dağa qalxacam. Heç vaxt düşünməzdim ki, mən dağçı olacağam. Zirvələri qət edəcəyəm. Dağa qalxmaq barədə plan quracağam. Əvvəllər düşünürdüm ki, insan məntiqlə davranmalıdır. Ancaq məntiqlə yaşayırdım. Ekstrim idman növlərinə baxanda düşünürdüm ki, insanlar hansı ağılla bunu edirlər? Axı ölüm və ağır xəsarət almaq qaşla göz arasındadır. Bir zamanlar təəccübləndiyim şeyləri indi özüm edirəm. İndi mənə sual verirlər ki, hansı ağılla bunu edirsən? Hər dəfə çapıqla, sınıqla gəlirsən".

Alpinist xanım: "İnsan kiməsə görə xəyallarından vaz keçəndə bir gün heçə çevrilir" - FOTO

Alpinist xanım onu alpinizmə aparan yoldan danışdı: "Bir dəfə dostum dağa çıxmağa hazırlaşırdı. Ona lazım olan əşyaları axtarırdı. Mən də ona kömək edirdim. Ona dedim, "sizə qoşula bilərəm?" Artıq gec olduğunu dedi. Onlar Heydər Əliyev zirvəsinə qalxacaqdılar. Növbəti ilin may ayında - ulu öndərin doğum günündə elan gördüm. Amma dostum artıq həyatda yox idi, maşın qəzasında dünyasını dəyişmişdi. Artıq məndə də həvəs qalmamışdı. Amma başqa bir dostum təklif etdi, mən də ürəkləndim. Sənədlərimi hazırladım, çünki oraya hər adam qalxa bilməz. Amma əşyalarımı toplamamışdım. Çünki ciddiyə almamışdım".

Beləliklə gələcəyin alpinisti ilk zirvəni qət etməyə başlayır: "3751 km hündürlükdə olan zirvəyə qalxdıq. Zirvə qarlı, qayıdanda da palçıqlı idi. Əvvəl çox vasvası insan idim. Gördüm ki, təbiətdə bu keçmir. Özünü təbiətə tam təslim etməlisən. Suyum süzülə-süzülə Bakıya gəldim. Bir az istirahət edəndən sonra zirvəyə qalxarkən yaşadığım hissləri düşündüm və dağa aşiq oldum. Alpinistlərdə belə bir söz var: "Bir dəfə dağa qalxırsan, ya ondan sonra bir də qalxmırsan, ya da həmişə qalxırsan".

Alpinist xanım: "İnsan kiməsə görə xəyallarından vaz keçəndə bir gün heçə çevrilir" - FOTO

Alpinist xanım dekabr ayında şəhidlərimizin şərəfinə qalxdıqları zirvədən danışdı: "Doqquz gün ərzində yeddi ədəd dörd minlik zirvə qalxmağı qarşımıza məqsəd qoymuşduq. Çox ağır proqram idi. Bu, Azərbaycanda ilk idi. Yayda fikirləşdik ki, bizdə xeyli zirvələr var ki, adsızdır. Həmin dönəmdə Polad Həşimov artıq şəhid olmuşdu. Düşünürdük ki, biz yürüş edək, zirvələrin birinə Polad Həşimovun adını verək. Sonra 44 günlük müharibə başladı və şəhidlərin sayı açıqlandı. Biz qərara aldıq ki, Qızılqaya dağ massivində dəniz səviyyəsindən 2783 m hündürlükdə, adsız yüksəkliklərdən birində Vətən müharibəsində şəhid olan 2783 nəfər əsgərin şərəfinə xarı-bülbül formasında hazırlanmış lövhə üzərində 2783 rəqəmini həkk edərək xatirə lövhəsi yerləşdirək. Dəmir hazırlanmışdı, amma üstü rənglənməmişdi. Özümüzlə rəng apardıq, orada rəngləyib həmin lövhəni yerləşdirdik. Bu yürüş digərlərindən fərqli idi. Sanki o zirvəni qalxdıqca şəhidlərə olan borcumu az da olsa qaytarırdım. O dəmiri əlimə alanda çox kövrəlmişdim".

Alpinist xanım: "İnsan kiməsə görə xəyallarından vaz keçəndə bir gün heçə çevrilir" - FOTO

Vəfa xanımın qət etdiyi ən uca zirvə Avropanın ən hündür zirvəsi olan (5642 m) Elbrus zirvəsidir. Müsahibimiz zirvələrə qalxarkən yaşadığı ekstrimlərdən danışdı: "Allaha şükür, hələ ki, çox ciddi təhlükələrlə rastlaşmamışam. Bir dəfə Tufandağa qalxırdıq. Orada böyük bir şəlalə var idi. Həmin yeri keçmək lazım idi. Ora da çox sürüşkən idi. Düşünürdüm ki, ayağım məni saxlayacaq, oranı keçəcəm. Ayağım sürüşdü. Hündür bir şəlalə idi. Şəlalənin elə çıxıntıları var idi ki, onun sonunu görə bilmirdim. Bəxtimdən, əlimdə buz baltası var idi. Xeyli mücadilədən sonra baltanı ilişdirdim.

Özümü saxlamağa gücüm yetmirdi. Məndən bir az öndə gedən yoldaşımı köməyə çağırdım. O, mənim sürüşdüyüm yeri gördü, amma oraya heç cür gələ bilməzdi. Gəlsə, o da yıxılacaqdı. O da başqa yoldaşları çağırdı. Onlar şəlalənin başqa yolu ilə gəlib iplə məni oradan çıxardılar. Orada başa düşdüm ki, Allahdan və özümdən başqa heç kim mənə kömək edə bilməzdi. Bütün gücümü topladım ki, yıxılmayım. Yıxılıb ölməsəm belə, çox ciddi zədə ala bilərdim".

"Bir dəfə də şaxtalı hava idi. Yoldaşları gözlədiyimiz vaxtda əllərim dondu. Dedim, artıq əllərimi hiss etmirəm. Yoldaşlarımdan biri qışqırdı ki, çırp əllərini ki, donmasın. Çeçələ barmağım bu yaxınlarda açılıb", - Vəfa Qəhrəman qeyd edib.

Alpinist xanım: "İnsan kiməsə görə xəyallarından vaz keçəndə bir gün heçə çevrilir" - FOTO

Alpinist xanım deyir ki, dağa qalxmazdan öncə müəyyən hazırlıqları görmək lazımdır: "Öncə dağdakı hava haqqında məlumatı öyrənmək lazımdır. Daha sonra lazım olan əşyaları, ərzağımızı götürürük, yola düşürük. Bir məsələyə diqqət etmək lazımdır - əgər sabah dağa çıxacaqsansa, ağır kalorili yeməklər yemək olmaz. Çünki dağa qalxanda bu sənə mane olacaq. Ən vacib məsələ, hər zaman idmanla məşğul olmaq, yuxu rejiminə diqqət etmək lazımdır".

Vəfa xanımın fikrincə, insan üçün əlçatmaz olan heç nə yoxdur, yetər ki, bütün diqqətini həmin arzusuna fokuslaşdırsın. Qəhrəmanımız ən böyük hədəfini də açıqladı: "Bütün alpinistlərin ən böyük hədəfi olduğu kimi, mənim də ən böyük hədəfim Everest zirvəsidir. İstəyərəm, deyilsin ki, Vəfa Qəhrəman 2021-ci ildə kainatın ən böyük zirvəsini qət edib, Azərbaycan bayrağını ora sancıb".

V.Qəhrəman qeyd edib: "Ailəm mənim qərarlarımı birmənalı qarşılamayıb. Ona görə yox ki, onlar cahildirlər. Onlar mənə görə narahat idilər. Amma bir neçə səfərdən sonra gördülər ki, mən problemsiz gedib-gəlirəm.

Təzəcə qəbul etməyə başladılar ki, alpinist yoldaşlarımız qar uçqunu altında qaldılar. Bu xəbər ailəmi də təşvişə saldı. Mən də çox ciddi sıxıntılar yaşamağa başladım. Ondan sonra əşyalarımı gizlətməyə başladım. Dağa gedəndə də xəlvəti getməyə başladım. Xüsusən də anamdan gizlin saxlayırdım. Anlayırdım onu, amma öz istəklərimə qarşı da gedə bilmirdim. Gizlin getdiyim səyahət mənə də zövq vermirdi. Sonradan onu başa saldım ki, ölüm varsa, adi asqırmaqla da ölə bilərsən.

Sonradan anam qəbul etdi. İndi zirvəyə qalxanda zəng edib deyirəm ki, "ana, mən artıq filan zirvədəyəm". O da deyir ki, bu məni maraqlandırmır, əsas odur ki, sən sağsan". Zaman keçdikcə anam məni televiziyada, jurnallarda görəndə hiss edirəm ki, fəxr edir. Amma bunu büruzə vermir".

Alpinist xanım: "İnsan kiməsə görə xəyallarından vaz keçəndə bir gün heçə çevrilir" - FOTO

"İnsan kimlərəsə görə xəyallarından vaz keçəndə günlərin birində bir heçə çevrilir. Bir dəfə valideynlərin üçün, bir dəfə həyat yoldaşın üçün, bir dəfə övladın üçün hədəflərindən yan keçəndə heç kim olursan. Yaxınlarının sevgisini təmin etmək adına yaşıyırsansa, sən özün yarımçıq yaşayırsan. Bu da mənim üçün çox ağır bir duyğudur. Çalışıram ki, o balansı qoruyum. Həm onları narahat etməyim, həm də öz arzularımı reallaşdırım", - deyə həmsöhbətimiz fikrini tamamlayıb.