BAKI, 16 yanvar — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Trampın "Facebook" və "Instagram" sosial şəbəkələrindəki hesabları bərpa olunub. Bu barədə Sputnik Azərbaycan xəbər verir.
Belə ki, Donald Trampın "Facebook" hesabında son postları silinib. Sosial şəbəkə administrasiyasının fikrincə, Tramp o postlarında etiraz aksiyalarını dəstəkləyir.
Qeyd edək ki, daha əvvəl "Facebook" bəyan edirdi ki, Trampın səlahiyyət müddəti bitənə qədər onun sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq.
Xatırladaq ki, yanvarın 7-si sosial şəbəkələr ABŞ Prezidenti Donald Trampın öz hesablarına girişi məhdudlaşdırmışdı.
Qeyd edək ki, yanvarın 6-da Kapitoli binasında Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər də gözündən xəsarət alıb.
Toqquşmalarla əlaqədar ABŞ Senatı iclasını yarımçıq dayandırıb. Daha sonra Nümayəndələr Palatası iclasını yarımçıq kəsib. Hər iki palatanın üzvləri binadan təxliyə ediliblər. Etirazçılar isə binadan çıxarılıblar. Toqquşmalarla əlaqədar 20 etirazçı saxlanılıb.
ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 4 nəfər həlak olub. Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb. ABŞ-da baş verən toqquşmalar yalnız paytaxt Vaşinqtonu əhatə etməyib. Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın tərəfdarları Los-Ancelesdə də qarşıdurmalar yaradıblar.