CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər şey yenidən canlanır: "Son anda" həyat qazanan insanın hekayəsi

Filmin qəhrəmanı avtomobili bu günə kimi saxlayıb. Tamaşaçılar 20 Yanvar faciəsinin "şahidi" olan həmin maşını sənədli filmdə görə biləcəklər
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Televiziyası 20 Yanvar faciəsinin ildönümü ilə bağlı yeni sənədli filmin çəkilişlərinə başlayıb.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Son anda" adlı filmdə 20 Yanvar hadisələrinin şahidi Nazim Ələkbərovun həmin gecə gördüklərindən və yaşadıqlarından bəhs olunur.

Sənədli filmdə Nazim Ələkbərovun obrazı onun oğlu Məmmədəli Ələkbərova həvalə olunub, Nazim Ələkbərovun müsahibəsinə də yer verilib.

Məlumat üçün bildirək ki, N.Ələkbərov 20 Yanvar hadisələrindən sonra çəkilmiş görüntülərdəki "Zaporojets" markalı avtomobilin sahibidir. Həmin gecə 37-22 AQ nömrə nişanlı maşının üzərindən PDM (piyadaların döyüş maşını) keçib, lakin N.Ələkbərov son anda onun içindən sağ-salamat çıxa bilib. Sənədli film məhz bu səbəbdən "Son anda" adlanır.

Filmin qəhrəmanı avtomobili bu günə kimi saxlayıb. Tamaşaçılar 20 Yanvar faciəsinin "şahidi" olan həmin maşını sənədli filmdə görə biləcəklər. Filmdə hərbçilərin hərbi texnikalarla Bakıya daxil olma anı da obrazlı şəkildə əks olunub. Arxiv kadrları da "Son anda" filmində yer alacaq.

Filmin ssenari müəllifi Afaq Əhmədova, rejissoru Elnur Məmmədov olan sənədli filmin operatoru Cavid Əliyevdir. "Son anda" sənədli filmi yanvarın 20-si saat 21:00-da AzTV-də yayımlanacaq.