Yeni ildə köhnə adətə davam: fransızlar yenə mitinqə çıxıblar - VİDEO - FOTO

Sulu qar və koronavirus epidemiyası səbəbindən məhdudlaşmaların sərtləşdirilməsi etirazçılara küçələrə çıxmağa əngəl törətməyib
Sputnik

BAKI, 16 yanvar - Sputnik. Parisdə bu ilin ilk "Azadlıq marşı" keçirilir. Aksiya iştirakçılarının tələbi dəyişməzdir - onlar parlamentin nəzərdən keçirdiyi "Qlobal təhılükəsizlik haqda" qanuna qarşıdırlar. 

Sputnik Fransa xəbər verir ki, sulu qar və koronavirus epidemiyası səbəbindən məhdudlaşmaların sərtləşdirilməsi etirazçılara küçələrə çıxmağa əngəl törətməyib. 

​Etirazları "yeniləməyə" Milli Jurnalistlər Birliyi çağırıb. İnsanlar yerli vaxtla 14:00-da Bastiliya meydanına doğru hərəkət ediblər. Xeyli sayda polis təhlükəsizliyi qorumaq üçün cəlb edilib. 

Hələlik aksiyanın dinc keçdiyi bildirilir. 

​Ötən il noyabrın 24-də Milli Şura "Qlobal təhlükəsizlik haqda" qanun layihəsini birinci oxunuşda qəbul edib. Onun 24-cü maddəsi polisin, jandarmın vəzifələrini icra edən zaman "onların fiziki və ya psixi toxunulmazlığına açıq-aşkar xələl gətirmək məqsədilə" "üzünün şəklinin, yaxud digər identifikasiya elementinin" yayılmasına görə 45 min avro cərimə və həbs cəzasını nəzərdə tutur. 

​Bu maddə jurnalistlərin həmkarlar ittifaqının narazılığna səbəb olub, onlar hesab edirlər ki, bu, söz azadlığına ciddi ziyan vuracaq, vətəndaşlar və KİV isə manifestasiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işini asudə işıqlandıra bilməyəcəklər. Milli Şura tənqid olunan maddəni yenidən yazmağa qərar versə də həmkarlar ittifaqları yenidən etirazlara səsləyiblər. Parlamentin yuxarı palatası isə qətnaməyə yanvarda baxacaq.