İQTİSADİYYAT

Financial Times: "Dolları taxtdan salacaqlar"

"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq" - Avrokomissiyadakı mənbə
Sputnik

BAKI, 16 yanvar - Sputnik. Avropa Şurası dünya bazarında "dolların ağalığının" həddi aşdığını bəyan edəcək. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Financial Times Avropa Komissiyasındakı mənbələrinə istinadən yazıb. 

Qəzetin məlumatına görə, AŞ bu məsələni ABŞ-ın yeni prezidenti Co Baydenin yanvarın 20-də planlaşdırılan inauqurasiyasından əvvəl qaldırmaq istəyir. Avropa Komissiyasının layihəsinin yanvarın 19-da qəbul ediləcəyi gözlənilir, həmçinin ona əlavələrin ediləcəyi də istisna olunmur. 

FT əlavə edir ki, layihədə ABŞ Prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi məhdudlaşdırma tədbirlərindən sonra Avropa ölkələrinin müəyyən çətinlik çəkdiyi qeyd olunur. Sənəddə bazarların "qeyri-qanuni eksterritorial tətbiqin nəticələrindən" qorunmasının vacibliyi vurğulanır. 

"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq. Söhbət AŞ-nın dünyadakı yerindən, ölçülərimizə müvafiq olan iqtisadi və maliyyə dövlətinin imkanlarından gedir", - mənbələrdən biri deyib.