CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MEDİA Azərbaycan mediasına nə verəcək?

"KİVDF-nin timsalında qəzetlərə pul verən təşkilat təəssüratı yaransa da, yeni yaranan qurumda islahatlar paketinə maddi baxımdan qəzet və saytların iqtisadi müstəqilliyinin qazanılmasına dəstək verilməsi nəzərdə tutulub".
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Prezidenti media sahəsində islahatların dərinləşdirilməsinə dair fərman verdi. Eyni zamanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" (MEDİA) publik hüquqi şəxs yaradıldı. Sputnik Azərbaycan tanınmış qələm əhlinin Medianın İnkişafı Agentliyindən gözləntilərini öyrənib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov REAL TV-yə müsahibəsində bildirib ki, indidən sonra media subyektlərinin bölgüsü həyata keçiriləcək, jurnalistin statusuna hüquqi bazada aydınlıq gətiriləcək:

"Bu da imkan verəcək ki, media subyektlərinə və jurnalistlərə iqtisadi-texniki və metodiki dəstək göstərək. Çap, onlayn və audiovizual media sahələrinin iqtisadi müstəqilliyi, kadr potensilalının inkişafı və yayılan informasiyanın məzmununun təkmilləşdirilməsi istiqamətində işlər aparılacaq. Artıq media subyektlərinin iqtisadi müstəqilliyi üçün fəaliyyət planı hazırlanır. Biz çalışacağıq ki, media subyektlərinin biznes modelinə keçməsi üçün dəstək istiqamətlərini araşdıraq".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Sputnik Azərbaycan-a açıqlamasında belə bir qurumun yaradılmasının əhəmiyyətli olduğunu bildirib: "Çünki onlayn medianın fəaliyyəti ilə bağlı bir çox ciddi problemlər ortaya çıxırdı. Onlayn media sürətlə inkişaf etdiyindən, bu sahə həm peşəkar, həmçinin də qeyri-peşəkarların fəaliyyət göstərdiyi media sahəsinə çevrilib. Azərbaycanda bu sahənin hüquqi müstəvidə tənzimlənməsi bu günədək bir problem olaraq qalır.

Azərbaycanda Media İnkişaf Agentliyi yarandı, Agentliyin rəhbəri də təyin olundu

Ölkəmizdə "Kütləvi informasiya vasitələri" Haqqında qanun 1999-cü ildə qəbul olunub. Media isə durmadan inkişaf edən sahədir. Ona görə də media qanunun təkminləşdirilməsinə böyük ehtiyac var. Sosial medianın hüquqi statusu və sosial hüquqi məsuliyyəti məsələləri də qanunda öz əksini tapmalıdır. KİVDF-nin timsalında qəzetlərə pul verən təşkilat təəssüratı yaransa da, yeni yaranan qurumda islahatlar paketinə maddi baxımdan qəzet və saytların iqtisadi müstəqilliyinin qazanılmasına dəstək verilməsi nəzərdə tutulub. Ona görə də MEDİA-dan gözləntilərimiz böyükdür".

BakuPost.az saytının direktoru Elçin Zahiroğlu isə deyir ki, yeni qurumun nizamnaməsi ilə tanış olandan sonra onda medianın bir neçə vacib probleminin həll olunacağı əminlik yaranıb:

"Bu, saytların hüquqi statusu, ümumiyyətlə, qanunvericiliyin təkmilləşdirilməsi və media quruluşlarının texniki və kadr potensialının artırılması məsələləridir. Bu problemlər illərdir jurnalistləri narahat edirdi və dəfələrlə müzakirə mövzusuna çevrilmişdi. Əhməd İsmayılov KİVDF-yə rəhbər təyin olunanda biz müəyyən təkliflər irəli sürmüşdük və bu gün onlar nizamnamədə əksini tapıb. Qaldı ki, digər məsələlər – mediaya baxışı dəyişmək, korlanmış reputasiyanın bərpası, ciddi mətbuat orqanlarının ictimai fikrin, eləcə də dünyada informasiya savaşında lazımi mövqe qazanması məsələsinə və bu istiqamətdə agentliyin fəaliyyətinin nə dərəcədə effektiv olmasına, bunu zaman göstərəcək".

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirir ki, agentlik Azərbaycandakı media subyektlərinin xarici medai subyektləri ilə informasiya mübadiləsinin yaradılmasına, təcrübələrin mübadiləsinə təşkilati dəstək göstərəcək. Onun sözlərinə görə, MEDİA-nın yaradılmasının məqsədi media subyektlərinin dünyada mövcud standartlara uyğun iqtisadi müstəqilliyə nail olmasıdır. Media subyektlərinin iqtisadi müstəqilliyi necə əldə edəcəyinə gəlincə, Ə. İsmayılov deyir ki, bu, reklamların cəlb olunması, media subyektləri arasında informasiya mübadiləsi formasında ola bilər.