CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitə sədri: On altı yaşına qədər qızlar nikaha məcbur edilirsə...

Sağlamlıq və inkişaflarına olan riskdən başqa, qızların 18 yaşdan tez nikaha daxil olmaları onları həm də fiziki, cinsi və psixoloji zorakılıq qurbanına çevirə bilər.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. "15-17 yaş həddində qız uşaqları hər il orta hesabla 3 000-ə yaxın uşaq dünyaya gətirir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2019-cu il üzrə illik məlumatı təqdim edərkən deyib.

Ümumiyyətlə, erkən nikah hələ tam formalaşmamış bir gənc qızın sağlamlığına, psixologiyasına və gələcək həyatına vurulan travmadır. Gənc qızlar erkən nikaha daxil olarkən, ən azından ailəsinin, özünün, eləcə də dünyaya gətirəcəyi körpənin tam şəxsiyyət kimi formalaşmasına təsir edə biləcək gücdə olmur. 

Sputnik Azərbaycan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova ilə erkən nikahlarla bağlı müsahibəni təqdim edir:

- Azərbaycanda erkən nikahların vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Qeyd etməliyik ki, ölkəmizdə də qızların təhsildən yayınması, erkən yaşda ailə qurmağa məcbur edilməsi halları var. Belə nikahlar isə sonradan müxtəlif fəsadlar yaradır. Erkən hamiləlik təkcə körpənin deyil, ananın da həyatını təhlükə qarşısında qoyur. Bu cür nikahların yaratdığı daha bir problem də gənclərin təhsildən yayınması və cəmiyyət üçün sağlam olmayan nəslin yetişməsi, əlilliyi olan uşaqların doğulmasıdır. Sağlamlıq və inkişaflarına olan riskdən başqa, qızların 18 yaşdan tez nikaha daxil olmaları onları həm də fiziki, cinsi və psixoloji zorakılıq qurbanına çevirə bilər. Araşdırmalar göstərir ki, gənc yaşda ərə gedən, öz hüquqlarını bilməyən qızların digər qadınlara nisbətən daha çox zorakılığa məruz qalma ehtimalı var.

- Azərbaycanda erkən nikahlarla bağlı qanunlar hansı səviyyədədir?

- Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulub. Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu, bir çox Dövlət Proqramları vahid dövlət uşaq siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində milli konsepsiyasının inkişafında xüsusi rol oynayır. Eyni zamanda, Azərbaycanda erkən nikahların qarşısının alınması üçün mövcud qanunlar təkmilləşdirilib. Azərbaycan Respublikası Ailə Məcəlləsində dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddinin 17-dən 18-ə qaldırılması aparılan güclü dövlət siyasətinin ən əsas göstəricilərindən biridir. Qeyd etmək istərdim ki, bu sahədə biz hətta bir sıra inkişaf etmiş Avropa ölkələrini qabaqlayırıq. Eyni zamanda, Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib.

- Hicran xanım, erkən nikahlarla bağlı rəqəmlər nə deyir?

- Qeyd etdiyimiz kimi, 2011-ci ildə Ailə Məcəlləsinə dəyişiklik edərək nikah yaşı qadınlar və kişilər üçün 18 müəyyənləşib. Çox üzrlü, obyektiv səbəblər olduğu təqdirdə nikah yaşı müvafiq icra hakimiyyəti tərəfindən 1 il azaldıla bilər. Bu gün 18 yaşadək nikaha girən qızların statistikası var, lakin bu qeyd etdiyimiz kimi, qanunvericilikdə göstərildiyi kimi, nikah yaşı müvafiq icra hakimiyyəti tərəfindən 1 il azaldılan nikahların sayıdır. Məsələn, 2019-cu ildə 18 yaşadək nikaha girən qızların sayı 366 olub. Lakin bu rəqəm bizə tam məlumat vermir. Çünki digər statistika da mövcuddur. Belə ki, Dövlət Statistika Komitəsinin indikatorları sırasında 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı da mövcuddur. Və bu göstəricini əsas götürməklə təxminən erkən nikahlar ilə bağlı rəqəmləri ortaya çıxara bilirik. Belə ki, statistikaya görə, 2011-ci ildə belə qadınlar tərəfindən doğulan uşaqların sayı 4 min 392 idisə, 2019-ci ildə bu rəqəm 2 min 320 olub. Bu isə rəqəmlərin iki dəfə azalması deməkdir. Ancaq bununla belə orta hesabla 3000-3500-ə qədər belə qeyri-rəsmi nikah olmalıdır ki, 2320 uşaq doğulsun. Əlbəttə, azalan rəqəmlər deməyə əsas verir ki, davamlı maarifləndirici və məlumatlandırıcı layihələr həyata keçirilir.

- Erkən nikahlarla bağlı çox zaman cinayət faktları qeydə alınmır.

- Bu məsələlər ölkə rəhbərliyinin diqqətindədir. Cənab Prezidentin Sərəncamları ilə təsdiqlənmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" və "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı" buna əyani misaldır. Digər tərəfdən buna görə də "erkən nikah" anlayışının hüquqi-normativ sənədlərdə tərifi verilməlidir. Baxmayaraq ki, 2011-ci ildə Cinayət Məcəlləsində nikaha məcbur etməklə bağlı məsuliyyət müəyyən edilib. Lakin bir çox hallarda erkən nikahla bağlı cinayət faktları qeydə alınmır. Əlbəttə ki, bunun da əsas səbəbi valideynlərin ya şikayət etməməsi, ya da şikayətini geri götürməsidir. Lakin 16 yaşadək qız uşaqları nikaha məcbur edilirsə, valideynin şikayət edib-etməməsindən asılı olmayaraq, digər oxşar hallarda olduğu kimi, bu halda da cinayət işi açılmalıdr. Fikrimcə, bununla bağlı da qanunvericilikdə müəyyən dəyişikliyə ehtiyac var. Həmçinin Davamlı İnkişaf Məqsədlərinin 5-ci məqsədində hədəflərdən biri də belə nikahların aradan qaldırılmasıdır. Bu səbəbdən aparılan işlər daha da gücləndirilməlidir.