Balakəndə evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıblar

Balakən şəhər sakinləri, əvvəllər hər ikisi məhkum olunmuş Fərid Qazaxov və Elçin Yusifov qanunsuz yollarla daxil olduqları evlərdən televizor, su qızdırıcıları, su nasosları, müxtəlif məişət əşyaları oğurlayaraq onların bir qismini dəyərindən ucuz qiymətə satıblar.
Sputnik

BAKI, 15 yanvar — Sputnik. Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvar ayının 6-dan 14-dək olan müddət ərzində şəhər ərazisində yerləşən üç evdən oğurluq edən şəxslər saxlanılıblar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər - Balakən şəhər sakinləri, əvvəllər hər ikisi məhkum olunmuş Fərid Qazaxov və Elçin Yusifov qanunsuz yollarla daxil olduqları evlərdən televizor, su qızdırıcıları, su nasosları, müxtəlif məişət əşyaları oğurlayaraq onların bir qismini dəyərindən ucuz qiymətə satıblar. Həmin əşyalar tapılaraq maddi sübut kimi istintaqa təqdim olunub.

Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.