Trampa "ən sağlam prezident" arayışı verən həkim öldü

Həkim Trampın qələbə qazandıqdan sonra onu prezidentin rəsmi həkimi təyin edəcəyini gözləyirdi, ancaq bu baş vermədi
Sputnik

BAKI, 14 yanvar - Sputnik.Donald Trampın şəxsi həkimi Harold Bornsteyn 73 yaşında vəfat edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə New York Times yazır. Ancaq nekroloqda həkimin ölüm səbəbi qeyd olunmayıb.

​Xatırladaq ki, Bornsteyn 2015-ci ildə, Trampın seçki qərargahının onun imzasıyla olan arayışı dərc etməsindən sonra məşhurlaşmışdı. Arayışda deyilirdi ki, Trampın qan analizi "sadəcə möhtəşəmdir", özü "çox güclüdür", ümumiyyətlə, "mister Tramp ABŞ tarixində ən sağlam prezident olacaq". 

Qastroendokrinoloq olan Bornsteyn 1980-ci ildən Trampın can həkimi olub, ondan əvvəl isə prezidentin həkimi onun atası olub. 

Həkim Trampın qələbə qazandıqdan sonra onu prezidentin rəsmi həkimi təyin edəcəyini gözləyirdi, ancaq bu baş vermədi. 2017-ci ildə Bornsteynin jurnalistlərə Trampın saçuzadan həblər atdığını deməsindən sonra prezident onun xidmətlərindən imtina etdi.  

2018-ci ildə isə həkim yenidən jurnalistlərlə görüşəndə dedi ki, o məşhur arayışın mətnini ona Tramp özü diktə edibmiş. Buna qədər isə Bornsteyn iddiaları təkzib edir, arayışı özünün tərtib etdiyini söyləyirdi.