CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının görkəmi yenə dəyişir: "giriş qapısını" parklanma sahəsinə döndərirlər - FOTO

"Məlumdur ki, şəhərin "giriş qapısı" funksiyasını yerinə yetirən vağzal onun haqqında ilk təəssürat yaradır. Bu baxımdan Bakı Dəmir Yolu Vağzalındakı vəziyyət olduqca önəmlidir"
Sputnik

BAKI, 13 yanvar — Sputnik. Bakı Dəmir Yolu Vağzalının ətrafında nəqliyyatın sıxlığının nizamlanması və sərnişinlərin rahatlığının artırılması məqsədilə vağzalın ərazisində üç yeni parklanma sahəsi yaradılacaq. Onlardan biri vağzalın qarşısında, biri Cəfər Cabbarlının heykəlinin arxasında, digəri isə Süleyman Rəhimov küçəsində, qatarlardan çıxış platforması meydanında təşkil ediləcək.

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Natəvan Bayramova bildirib ki, müasir texniki avadanlıqlarla təchiz ediləcək ərazidə ümumilikdə 160 ədəd nəqliyyat vasitəsinin parklanması nəzərdə tutulub. Bundan başqa, fiziki məhdudiyyətli şəxslər üçün 10 ədəd xüsusi yer və 36 ədəd velosiped üçün ayrıca sahə ayrılacaq.

Bakının görkəmi yenə dəyişir: "giriş qapısını" parklanma sahəsinə döndərirlər - FOTO

Vağzalın qarşısında yerləşən parklanma sahəsində işlər tamamlanmaq üzrədir. 3300 kvadrat metr sahəsi olan bu ərazi 85 nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. Cəfər Cabbarlı heykəlinin arxasındakı 800 kvadrat metrlik ərazidə 30 nəqliyyat vasitəsi, Süleyman Rəhimov küçəsindəki 2800 kvadrat metrlik ərazidə isə 45 nəqliyyat vasitəsinin durması üçün şərait yaradılacaq.

Yeni parklanma sahələrində tariflər 0-1 saat üçün 1 manat, 1-3 saat üçün 2 manat, 3-6 saat üçün 3 manat, 6-12 saat üçün 4 manat, 12-24 saat üçün 5 manat təşkil edəcək. Velosipedlərin parklanması üçün isə ödəniş tələb olunmayacaq. Ödənişlər xüsusi terminallar vasitəsilə, kart sisitemi ilə həyata keçiriləcək.

"Məlumdur ki, şəhərin "giriş qapısı" funksiyasını yerinə yetirən vağzal onun haqqında ilk təəssürat yaradır. Bu baxımdan Bakı Dəmir Yolu Vağzalındakı vəziyyət olduqca önəmlidir. Parklanma sahələrinin yaradılması vağzalın ətrafında indiyə qədər mövcud olmuş xaotik hərəkətin və tıxacların aradan qaldırılmasına səbəb olacaq", - deyə o qeyd edib.

Parklanma xidmətlərini "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Əmlak" MMC göstərəcək.