Təbiətdə ilginc dəyişiklik baş verib

Belə temperaturda tropik meşələr daha sürətli böyüyür və daha çox CO2 udur. Alimlər Braziliyanın tropik meşələrinin karbondioksidi udmaq əvəzinə xaric etdiyini aşkar ediblər.
Sputnik

BAKI, 13 yanvar — Sputnik. İngiltərənin Milli Meteoroloji Xidmətinin mütəxəssisləri 2021-ci ildə atmosfer karbon dioksid (CO2) konsentrasiyasının milyonda 417 hissəni (ppm) aşa biləcəyini yayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, karbon dioksid miqdarı sənayedən əvvəlki səviyyəyə nisbətən 50 faiz artacaq.

Komanda Havaydakı Mauna Loa rəsədxanasında toplanan məlumatlardan istifadə edib. 2020-ci ildə qlobal istixana qazı tullantılarında azalma olsa da, bu, əvvəlki böyüməni ödəmək üçün yetərli olmayıb.

Alimlərin fikrincə, karbon dioksid atmosferdə çox uzun müddət qalır və bu səbəbdən qısa "fasilələrə" baxmayaraq, miqdarı ildən-ilə artmağa davam edir. Dalğalanmalar isə fəsillərdən asılıdır. CO2 may ayında zirvəyə çatır. Şimal yarımkürəsindəki çiçəkli bitkilər qazın bir hissəsini mənimsədiyi üçün yayda azalma müşahidə edilir.

2020-ci ildə CO2-nin ümumi miqdarı əvvəlki illərə nisbətən 7 faiz azalsa da, bu günə qədər emissiyalar demək olar ki, əvvəlki səviyyəsinə qayıdıb. La Nina (Sakit Okeanın soyuması) fenomeninin ilin ikinci yarısında sərinlik gətirməsi proqnozlaşdırıldığı üçün bir az azalma gözlənilir.

Qeyd edək ki, belə temperaturda tropik meşələr daha sürətli böyüyür və daha çox CO2 udur. Ancaq bu da vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirə bilməyəcək. Mauna Loa rəsədxanası dünyada CO2 konsentrasiyasının ən uzun fasiləsiz hesabatını aparır.

İqlimşünas Çarlez David Keeling 1958-ci ildə ilk dəfə karbon dioksid göstəricilərini qeydə alıb. Bir müddət əvvəl isə alimlər Braziliyanın tropik meşələrinin karbondioksidi udmaq əvəzinə xaric etdiyini aşkar ediblər. Bu məsələ 2013-cü ildə ortaya çıxıb.