CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid duaları: Allahdan tək istəyim budur ki, kaş oğullarım...

Şəhid baş leytenantın həyat yoldaşı: "Mən də Allahın köməyi ilə övladlarımızı onun istədiyi kimi böyüdəcəyəm. Onun arzularını şərəflə yerinə yetirəcəyəm".
Sputnik

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 12 yanvar — Sputnik. Bu dəfə öz qanı ilə qəhrəmanlıq salanməsi yazan daha bir Şəhid zabitimiz Əliqismət Mükafat oğlu Yaqublu haqqında danışacağıq.

Azərbaycanın 44 günlük haqq savaşında şəhidlik zirvəsinə ucalan Əliqismət Lerik rayonunun ucqar Kələxan kəndində dünyaya göz açıb. Şəhidin atası Mükafat Yaqublu Sputnik Azərbaycan-a müsahibəsində 1992-ci il təvəllüdlü Əliqismətin kənddə doğulsa da, Lerik şəhərində böyüdüyünü deyib. Onun sözlərinə görə, Əliqismət 9-cu sinifə qədər Lerik şəhər 3 saylı orta məktəbdə təhsil alıb. Onun uşaqlıqdan hərbiyə həvəsi olub. Ata-anası onun hərbiyə getməsini istəməyib. Çünki əvvəl cılız uşaq olub:

"Amma özü təkid etdi, hətta biz onu bir il gecikdirdik. 8-ci sinifdən getmək istəyirdi. Artıq 9-cu sinifdə oxuyanda təkid etdi ki, "gərək mən hərbi məktəbi oxuyam". Beləliklə, Əliqismət Hərbi liseyə daxil oldu və liseyi bitirənə qədər həvəslə oxudu. Mən də bildim ki, artıq hərbi onun həyatına ömürlük daxil olub. O, 2007-ci ildə Cəmişid Naxçıvanski adına Hərbi Liseyə daxil oldu və 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Bakı Ali Hərbi Məktəbində hərbi təhsilini davam etdirdi. Hərbi biliklərini Təlim Tədris Mərkzində inkişaf etdirən Əliqismət 2015-ci ildə leytenant rütbəsi ilə Qobustanda yerləşən "N" saylı hərbi hissəyə təyinat alıb. Amma həmin il də komandanlığa ərizə yazaraq ön cəbhədə xidmət etmək istədiyini bildirib".

Şəhid duaları: Allahdan tək istəyim budur ki, kaş oğullarım...

Atasının dediyinə görə, gənc zabitin arzusu nəzərə alınıb. O, Beyləqan rayonunda yerləşən hərbi hissəyə göndərilib. Əliqismət 2016-cı ilin aprel döyüşlərində də şücaətlə iştirak edib. 2017-ci ildə yenidən öz istəyi ilə cəbhə bölgəsinə - Ağcabədiyə göndərilən gənc zabitə 2018-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin Baş leytenantı kimi Xidmət Rəisi vəzifəsi ona tapşırılıb.

İkinci Qarabağ savaşı başlayan gündən Əliqismət Xüsusi Təyinatlı Qüvələrin zabiti kimi ön cəbhəyə göndərilib. O, Murovdağ yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının və Laçının bir-neçə kəndinin işğaldan azad olunmasında xüsusi qəhrəmanlıq göstərib. Şəhidimiz Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Xüsusi təyinatlıların cəmi 7 nəfər komanda heyəti olub ki, onların rəhbərlərindən biri də Əliqismət idi. O, kimya xidmətinin rəisi olub.

Şəhid duaları: Allahdan tək istəyim budur ki, kaş oğullarım...
"Noyabrın 3-də Şuşaya hüçum başlayıb. Noyabrın 5-də isə Şuşaya Daşaltı tərəfdən hüçum etməyə başlayıblar. Mənfur düşmən bizim Xüsusi Təyinatlı Qüvvələrimizlə heç vaxt üz-üzə gələ bilmirdilər, çünki çox qorxurdular. Onlar təkcə bizim XTQ-dən deyil, bütün əsgərlərimizdən qorxurdular. Ona görə də daim əsgərlərimizi top atəşinə tuturdular.", - deyə şəhidin atası bildirir.

"Oğlum Əliqismət Yaqublu Şuşa əməliyyatında iki süngü və bir neçə qumbara ilə ön sırada düşmənlə əlbəyaxa döyüşə girənlərdən olub. Döyüş yoldaşlarının dediyinə görə onlarla düşmən əsgərini süngü ilə məhv edib. Onlarla yaralı silahdaşını döyüş meydanından çıxarıb. Noyabrın 5-də axşam saat 16:00-17:00 radələrində Daşaltıda qızğın döyüşdə onun silahdaşı yarlanır. Yoldaşını çiyninə götürüb döyüş meydanından çıxararkən artilleriya atəşinə tutulur. Düşmənin atdığı top mərmisinin qəlpəsindən aldığı xəsarətlərdən qəhrəmancasına şəhadət zirvəsinə ucalır.", - Mükafat Yaqublu əlavə edir.

Şəhid duaları: Allahdan tək istəyim budur ki, kaş oğullarım...

Əliqismət şəhid olandan bir neçə gün sonra evlərinə zəng gəlir. Kim olduğunu soruşanda çox zəif bir səslə adının Ceyhun olduğunu və hospitaldan zəng etdiyini deyir.

"Mən yaralı idim, Əliqismət məni döyüş meydanından çıxardı, ölümdən qurtardı və indi hospitalda yatıram", - deyə Ceyhun bildirib. Əliqismət Ceyhunu döyüş meydanından çıxarıb hospitala yola salıb. Ceyhun Əliqismətin bundan sonra şəhid olduğunu bilməyib.

"Ceyhun mənə dedi ki, oğlum yüzə yaxın əsgərlərimizi döyüş meydanından çıxardıb. Həm döyüşür, həm də yaralılara kömək edirmiş. Onları döyüş meydanından tez çıxarıb tibb işçilərinə təhvil verib geri qayıdırmış. Onun evimizə gələn döyüş yoldaşları belə deyirlər", - deyə dərdli ata bildirir.

Şəhid duaları: Allahdan tək istəyim budur ki, kaş oğullarım...

Bununla belə, o, Əliqismətlə fəxr edir:

"Mənim üçün ağır olsa da, oğlumun şəhadəti ilə qürur duyuram, həmişə fəxr edirəm. O artıq əvvəldən şəhidlik yolunu seçmişdi. Biz heç vaxt onun qarşısını ala bilməzdik. Əliqismət həm də imanlı adam idi, daim namaz qılırdı. Ona görə də şəhidliyi ilə bizə böyük fəxarət hissi bəxş elədi. Gələcək nəsillərə bu problemi saxlamadı. Bilirdi ki, əgər bu gün Qarabağı almasa, onların balaları gedib müharibədə iştirak edib almalıdırlar".

İndi şəhid zabitimizdən Vətənə 2 oğlu -5 yaşlı Əliəsgər və 3 yaşlı Məhəmməd əmanət qalıb. Şəhid zabitimizin anası Təranə Yaqubova müharibə vaxtı oğlu ilə olan telefon söhbətini belə xatırlayır:

"Dedi "ana, uşaqlarımı sənə, atama, qardaşlarıma tapşırıram, onlardan muğayat olun. Uşaqları mənə layiqli övlad kimi böyüdərsiz. Vətənə gözəl övlad olsunlar, mənim kimi hərbçi də ola bilərlər." Hər iki oğlunun Ali təhsil alması onun ən böyük arzusu idi. Həmişə torpaqlar işğaldan azad olandan sonra rahat olacağını deyirdi. Deyirdi ki, "istəmirəm mənim övladlarım sonra əziyyət çəksin". "O torpaqlar alınandan sonra siz də, uşaqlar da oralara gedərsiniz.", - deyərdi.

Şəhid duaları: Allahdan tək istəyim budur ki, kaş oğullarım...

Həyat yoldaşı Nərmin Yaqublu da şəhidin çox vətənpərvər və ailəsinə bağlı insan olduğunu bildirib:

"Çox gözəl oğul, gözəl qardaş, gözəl həyat yoldaşı, gözəl ata idi. Tez-tez deyərdi ki, "Allahdan istəyirəm ki, kaş uşaqlarım mənim kimi olsunlar, qeyrətli olsunlar". Mən də Allahın köməyi ilə övladlarımızı onun istədiyi kimi böyüdəcəyəm. Onun arzularını şərəflə yerinə yetirəcəyəm."

Xüsusi Təyinatlı Qüvvələrin Şəhid Baş leytenantı Əliqismət Mükafat oğlu Yaqubov öz istəyi ilə Lerik rayonunun Kələxan kənd qəbristanlığında, babasının yanında dəfn edilib. O, ölümündən sonra "Azərbaycan Bayrağı Ordeni", "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.