Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 12 yanvar — Sputnik. Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsinin ilk və tək xanım şəhidi, hərbi tibb qulluqçu Arəstə Baxışovanın büstü hazırlanıb.
Büstü gənc heykəltaraş Müstəqil Balayev hazırlayıb. Müstəqil Balayev hazırladığı büst haqqında Sputnik Azərbaycan-a məlumat verib: "Büstün üzərində 1 həftə çalışmışam. Çox şəhidlər işləmişik, şəhidləri ayırmırıq. Amma bizim büstü hazırlamağımızda məqsəd Azərbaycan qadının qorxmazlığını göstərməkdir. Arəstə xanım heç nədən qorxmadan kişilərlə bərabər əzmkarlıq göstərib. Çox istəyərəm ki, bu büst burada deyil, insanların gözü qarşısında olsun ki, gələcək nəsillər Arəstə Baxışovanı unutmasınlar".
Müstəqil Balayev Masallı rayonunun Qasımlı kəndində heykəltaraş ailəsində doğulub. Atası İlqar Balayev heykəltaraşdır və sevib-seçdiyi sənəti öz övladlarına da öyrədib. Heykəltaraşlar ailəsi bundan öncə də vətən uğurunda canını fəda etmiş insanların barelyeflərini hazırlayıblar: "Atam İlqar Balayev mənə və qardaşım Aqşinə bu sənəti öyrədib. Özüm Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının IV kurs tələbəsiyəm. Bundan öncə də bir çox şəhidərimizin barelyeflərini qardaşımla birlikdə hazırlamışıq".
"Şəhid Mayor Anar Novruzovun büstünü hazırlamışıq. Həmin büst Ərçivan qəsəbəsində yerləşdirilib. Baş leytenant Əlimərdan Quluzadənin büstünü hazırladıq qardaşımla birlikdə. Ondan sonra Tovuz şəhidlərinin 12 barelyefini hazırlamışıq. Daha sonra daha 5 şəhidin barelyefini hazırlamışıq. Hazırda "Qələbə uğrunda" adlı kompazisiyanın üzərində çalışırıq" -deyə heykəltaraş əlavə etdi.
Məlumat üçün bildirək ki, Vətən müharibəsinin tək şəhid xanımı olan Arəstə Baxışova Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib.
Hərbi tibb qulluqçusu, çavuş Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.