CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə saxta pul hazırlayan şəxslər saxlanılıblar

V.Tağızadənin kirayə götürdüyü mənzilə baxış keçirilib və oradan saxta pul hazırlayan çap vasitələri, 100 və 50 manatlıq saxta əsginaslar götürülüb.
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Cari ilin yanvar ayının 9-da Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinə (RPİ) şəhər ərazisində fəaliyyət göstərən mağazalardan birinə saxta əsginas verilməsi ilə bağlı məlumat daxil olub.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, RPİ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginas dövriyyəyə buraxmaqda şübhəli bilinən Samux rayon Çobanabdallı kənd sakinləri əvvəllər məhkum olunmuş Elvin Məmmədov, Tofiq Məhərrəmov, Orxan Bağırov və pulları hazırlayan Gəncə şəhər sakini Vasif Tağızadə saxlanılıb. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində V.Tağızadənin kirayə götürdüyü mənzilə baxış keçirilib və oradan saxta pul hazırlayan çap vasitələri, 100 və 50 manatlıq saxta əsginaslar götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.