CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətən bağı al-əlvandır, var içində xarı-bülbül

90-cı illərin hadisələri qərənfilə matəm çiçəyi donu biçdi. Ötən il 27 sentyabrda başlayıb, 44 gün davam edən və Azərbaycanın zəfəri ilə əbədiləşən II Qarabağ Müharibəsinin simvolu isə xarı-bülbül oldu - qürur, qələbə, əbədiyyət rəmzimiz
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 yanvar — Sputnik. Bu gün Qarabağda müharibənin bitməsinin iki ayı tamam olur. Otuz illik həsrətdən sonra ölkəmiz özünün doğma torpaqlarına, eyni zamanda da misilsiz sərvətinə qovuşa bildi. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ torpağı həm də ölkəmizin ən zəngin torpağı hesab edilir. Bu torpaqlar müxtəlif nadir bitkilərlə, gül-çiçəklərlə doludur. Onlardan biri də bu gün qalib Azərbaycanın əsas simvoluna çevrilən nadir çiçəklərdən biri olan xarı-bülbüldür.

Xınalıqda "Xarı-bülbül" lövhəsi ucaldıldı - FOTO

Qarabağın rəmzinə çevrilən xarı-bülbül haqda Sputnik Azərbaycan-a Bakı Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva danışır. O deyir ki, Qarabağın dağlarında bitən qeyri-adi çiçək olan xarı-bülbülə bu adın verilməsinin səbəbi onun bülbülə bənzəməsidir. "Xar" tikan mənasını verir, yəni tikanlı çiçək. Bu çiçəyin digər adı isə Qafqaz qaş səhləbidir. Xarı-bülbül orxideyalar fəslinə, ofris cinsinə aiddir. Bu cinsin 50-dən çox növü var, onların bir çoxu Azərbaycanın müxtəlif bölgələrində bitir. Bu bitkinin Azərbaycanda bitən bütün növləri isə xarı-bülbül adlanır.

"Bu, adi bir çiçək deyil, sanki bir möcüzədir. Onun heç ətri də yoxdur. Xırda, bənövşəyi rəngli ləçəkləri otların arasından güclə seçilir. Çiçəyin 3 ləçəyi var, lakin simmetrik quruluşuna görə aydınca seçilir ki, çiçəyin 4 ləçəyi olmalı imiş. Lakin bu dördüncü ləçəyin yerində isə arıya bənzəyən, üstündə cücülərdə, böcəklərdə olduğu kimi naxışlar, məxmər kimi nazik tükcüklərlə örtülü bir böcək - xar var. Sanki belə bir təsəvvür yaranır ki, böcək çiçəyin 4-cü ləçəyini yeyib, başını çiçəyin ortasına qoyub və bunun üçün də böcəyin başı görünmür. Çiçəyin tən ortasında isə sanki bülbül oturub. Bülbülün çiynində isə iki balaca ləçək var. Bu ləçəklər isə çiçəyin öz ləçəklərinin rəngindən bir azca tünd, ləçəklərdən isə bir xeyli balacadır. Aydınca görünür ki, bu ləçəklər bülbülün qanadlarıdır".

Filoloq adı dillər əzbəri olan çiçək haqda gəzib-dolaşan dastanlardan da söz açır: "Bu çiçək haqda dillərdə 40-a yaxın rəvayət, əfsanə var. Bu əfsanələrdən biri isə belədir: Bir zamanlar bütün güllər-çiçəklər insanlar kimi sevir, danışıb-gülürmüşlər. Rəvayətə görə, bülbül bir çiçəyi sevir və bütün gül-çiçəklər də bunu hiss edir. Hər gün bülbül o çiçəyin üzərinə qonub ona məhəbbət mahnısı ifa edərmiş və digər gül-çiçəklər də bu avazda rəqs edərmiş. Amma xar belə şadyanalığa, məhəbbətə dözə bilmir, az qalır ki, qısqanclıqdan bağrı çatlasın. Çiçəyi bülbüldən ayırmaq üçün gəlib ona sevgisini etiraf edir. Çiçək xarı rədd etməyə çalışır. Acıqlanan xar çiçəyin saplağı ilə yuxarı dırmaşmağa başlayır, onun bir ləçəyini yeyir. Bülbül gülün məhv olduğunu görüb fəryad qoparır. Bütün gül-çiçəklər də bu fəryada qoşulur. Lakin xarın daş qəlbi yumşalmır, yenə çiçəyi yeməkdə davam edir. Onda hamı Allah-təalaya yalvarır ki, onların canını alsın, amma çiçəklə bülbülün eşqinə qıymasın. Beləcə onların ah-naləsi qəbul olunur. Beləliklə hamısı çiçəyə dönür, Çiçək bülbül və xar üçün çiçəyə çevrilir. Beləcə gül-çiçəklər canlarını bülbüllə çiçəyə görə fəda edirlər. Xarı-bülbül də söz verir ki, yalnız onların bitkiyə çevrildikləri yerlərdə bitəcək. Beləcə, hətta ən məharətli bağbanlar da onu başqa torpaqlarda bitirə bilmirlər.

"Xarı bülbül"ü yaşadanlar - Yəhudi müəllim Qarabağ zərgərliyini öyrədir

Xarı-bülbül Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növlərdən biri olan çiçəkdir.

Otuz il ərzində düşmən əsarətində qalan Azərbaycan torpaqları kimi xarı-bülbül də bu gün qəfəsdən çıxıb, azaddır, rahat nəfəs alır. O bu gün Azərbaycanın qələbə rəmzinə çevrilib. Bu gün xarı-bülbül həm də Vətən uğrunda canını fəda edən şəhidlərimiz deməkdir. 

90-cı illərin hadisələri qərənfilə matəm çiçəyi donu biçdi. Ötən il 27 sentyabrda başlayıb, 44 gün davam edən və Azərbaycanın zəfəri ilə əbədiləşən II Qarabağ Müharibəsinin simvolu isə xarı-bülbül oldu - ondan indi qürur, qələbə, əbədiyyət, Vətən ətri gəlir.