İki türk respublikasında əhali seçim edir

Qırğızıstanda dövlət başçısının seçimi ilə yanaşı, seçicilər ölkədə idarəçilik formasına da qərar verəcəklər. Üç alternativ var - "prezident idarəçilik üsulu", "parlament idarəçilik üsulu" və "heç biri"
Sputnik

BAKI, 10 yanvar - Sputnik. Qırğızıstan və Qazaxıstanda seçkilər keçirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Qırğızıstanda əhali ölkənin yeni prezidentini seçir. Respublika üzrə 2420 seçki məntəqəsi artıq açılıb və seçiciləri gözləyir. 

Qırğızıstanın sabiq prezidenti xalqdan üzr istədi

MSK-nın məlumatına görə, bütün seçki məntəqələrində COVID-19 əleyhinə sanitar-gigiyena qaydalarına əməl olunacaq. Səsverməyə gələnləri tibbi maska və sanitayzerlə təmin edəcəklər. Bir neçə saatlıq intervalla məntəqələrdə sanitar təmizlik işləri aparılacaq. 

2020-ci ilin oktyabrındakı hadisələr fonunda ölkənin öncəki seçilmiş prezidenti Sooronbay Jeenbekov istefa vermək məcburiyyətində qalmışdı. Onun yerinə 17 namizəd - siyasətçilər, məmurlar, biznesmenlər və hərbçilər - seçilmək arzusundadır. Seçkidə ölkə daxili və xaricində 3.5 milyon vətəndaşın iştirak etmək hüququ var. Seçkidə hədd müəyyənləşməyib, istənilən sayda seçici səsi məqbul sayılacaq. 

Dövlət başçısının seçimi ilə yanaşı, seçicilər ölkədə idarəçilik formasına da qərar verəcəklər. Üç alternativ var - "prezident idarəçilik üsulu", "parlament idarəçilik üsulu" və "heç biri". Əksəriyyətin "heç biri" variantını seçmədiyi təqdirdə seçicilərin 30 faizinin səsverməyə gəlməsi referendumun baş tutduğu anlamına gələcək. 

Qazaxıstanda isə əhali Məjilisə (parlamentin aşağı palatası) və məsləhətlərə (yerli idarəetmə orqanları) üzvləri seçir. 

Ölkə üzrə 10994, Qazaxıstanın xarici dövlətlərdəki nümayəndəliklərində 17 seçki məntəqəsində səsvermə başlanıb. Xaricdəki 49 seçki məntəqəsində isə səsvermə saat qurşaqlarına görə bir qədər gec başlayacaq. 

Qazaxıstanda ölüm hökmü rəsmən ləğv edilib

Seçkidə 5 partiya iştirak edir: sabiq prezident Nursultan Nazarbayevin Nur Otan (Vətən işığı), demokratik Ak jol (İşıqlı yol), Qazaxıstan xalq partiyası (2020-ci ilin noyabrınadək Qazaxıstan kommunist xalq partiyası adlanırdı), Xalq-demokratik Auıl (Kənd) partiyası və Adal (Adil, 2020-nin noyabrınadək Vəhdət adlanırdı). Qazaxıstanda qeydiyyatdan keçmiş digər bir partiya - Ümummilli sosial-demokratlar partiyası isə ötən il noyabrın sonunda seçkini boykot etmək qərarına gəlmişdi.

Məjilisdə 107 deputat olur, bunlardan 98-si partiya siyahısı üzrə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə ilə seçilir. Məjilisə seçilmək üçün 7%-lik hədd keçilməlidir. Daha 9 deputatı sabiq prezident Nursultan Nazarbayevin sədri olduğu Qazaxıstan Xalq Assambleyası seçir, bu qurum respublikada yaşayan bütün etnosların maraqlarını təmsil edir. Məjilis deputatlarının səlahiyyət müddəti 5 ildir.