BAKI, 10 yanvar — Sputnik. Bəzi qidalar koronavirus infeksiyasının gedişatını ağırlaşdıra və yoluxma riskini artıra bilər.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə terapevt Yekaterina Burlyayeva danışıb. O qeyd edib ki, heç bir qida xəstəliyin yaranmasına səbəb ola bilməz.
"Bu, birdəfəlik təsir deyil. COVID-19-un gedişatına təsir edəcək səhv vərdişlər kompleksidir. Məsələn, artıq çəki kimi. Artıq çəki uzun illər ərzində toplanır. Artıq çəki ürək-damar xəstəlikləri, diabet və COVID-19 gedişatına təsir edən digər xəstəliklərə səbəb ola bilər. Təsəvvür edin, duza qoyulmuş xiyar qanı qatılaşdırmır. Amma su içmədən bir qab yesəniz, bu baş verə bilər. Bu səbəbdən belə iddialardan uzaq olmaq lazımdır", - deyə həkim bildirib.
Həkim əlavə edib ki, koronavirusa yoluxmamaq və yoluxma zamanı xəstəliyin gedişatını ağırlaşdırmamaq üçün duz və şəkər, həmçinin doymuş və transyağ turşularının istifadəsini məhdudlaşdırmaq lazımdır.
Un məhsulları, çörək və çörək məhsulları, qazlı və şirəli içkilərin miqdarı da azaldılmalıdır.
Kolbasa, sosiska, həmçinin yüksək yağ tərkibi olan ətin istehlakı da məhdudlaşdırılmalıdır. Yağlı pendiri də azaltmaq lazımdır.
Burlyayeva alkoqollu içkilərdən çəkinməyin vacibliyini də vurğulayıb. O bildirib ki, bu yalnız koronavirus deyil, həm də digər xəstəliklərə yoluxma riskini azaltmaq üçün vacibdir.