BAKI, 10 yanvar – Sputnik. Dünyanın bir neçə ölkəsi yanvar ayından turistlər üçün səfər qaydalarını dəyişib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunlar arasında Kuba, Böyük Britaniyaya uçanların koronavirus test nəticələri mütləq mənfi olmalıdır, turizm cənnətlərindən sayılan Yunanıstan isə karantin müddətini uzadıb. Ancaq qonaqlar üçün qapılarını taybatay açan ölkələr də var.
Test və karantin
Yanvarın 10-dan Kubada istirahət etmək istəyənlər uçuşdan 72 saat öncə qandan PZR testi verməlidirlər. Ancaq bu da son deyil, bir dəfə mütləq qaydada aeroportda, ikinci dəfə isə beş gün sonra yenidən yoxlamadan keçmək tələb olunur.
Gələn həftədən isə Böyük Britaniyaya səfər qaydaları dəyişir. “Təyyarə, gəmi və qatar sərnişinləri, o cümlədən britaniyalıların özləri də ölkəyə gəlməmişdən 72 saat öncə verdikləri COVID-19 testinin mənfi olduğu barədə arayış təqdim etməlidirlər. Gələn həftədən etibarən qüvvəyə minən bu qayda bütün İngiltərəyə şamil edilir, ancaq Şotlandiya, Uels və Şimali İrlandiyanın da tezliklə analoji məhdudiyyət tətbiq edəcəyi gözlənilir”, - Lonely Planet yazır.
Bu qaydaya uymayanlar 500 funt-sterlinq məbləğində cərimə ödəyəcəklər.
Koronavirusa yoluxma riskinin yüksək olduğu ölkələrdən gələnlər, hətta mənfi COVID-19 testinə malik olsalar belə, mütləq karantində qalmalı olacaqlar. Ölkəyə gələndən beş gün sonra təkrar aparılan test nəticəsi mənfi çıxarsa, onlara özünütəcriddən çıxmağa icazə veriləcək.
Yunanıstan beynəlxalq reyslərin sərnişinləri üçün qüvvədə olan üç günlük özünütəcrid məcburiyyətini 7 günədək artırıb. Əgər qonaq daha qısa müddət üçün ölkəyə gəlirsə, məhdudiyyət həmin müddət ərzində qüvvədə olur – yəni qonaq çıxıb gedənəcən. Xarici turistlər hava limanına enərkən ekspres-testdən də keçirilirlər.
Açıldı?..
Virciniya adaları yanvarın 21-də dəniz limanlarını açmaq niyyətində idi. Amma bu tarixi martın 1-dək təxirə saldı, üstəlik, Böyük Britaniyadan turistlərin səfərinə müvəqqəti qadağa qoydu.
Bunadək adalar qonaqlar üçün sərhədi açmışdı, ancaq tələblər çox sərt idi.
İndiyədək qonaq qəbul etməyən Şri-Lanka isə yanvarın 21-dən turistlər üçün açıq olacaq. Düzdür, bütün gələnlər PZR testi verməli olacaqlar. Ölkədə qalmağın minimal müddəti 14 gün müəyyən edilib və bu vaxt ərzində turistlər əvvəlcədən müəyyən edilmiş turistik zonalarda yaşamağa məcbur qalacaqlar.
Ölkə üzrə xüsusi “dəhliz”lərlə hərəkət yalnız qonaqların testlərinin mənfi cavabı çıxdıqdan sonra mümkün olacaq. Hökumət həmçinin yalnız turistlərin səfər edə biləcəyi 14 gəzməli-görməli yer müəyyənləşdirib.
Havayın populyar Kauai adası da yenidən qonaq qəbul etməyə hazırlaşır. Dekabrın əvvəlində koronavirusa yoluxmanın artması səbəbindən orada turistlər üçün məcburi ikihəftəlik karantin rejimi tətbiq edilmişdi. Ancaq USA Today-in məlumatına görə, yanvarın 5-dən etibarən səfərdən 72 saat öncə koronavirus testi verib mənfi nəticə alanlar əvvəlcə Havayın başqa bir adasına gəlib, orada 3 gündən sonra yenidən testdən uğurla keçdikləri təqdirdə rahatlıqla Kauaiyə gəlmək imkanı qazanırlar.
Tailandda tədbirlərin yumşaldılması hələlik gözlənilmir. Ancaq yerli turoperatorlar hökumətdən COVID-19 vaksini vurdurmuş turistlər üçün 14 günlük karantin tələbinin ləğvini xahiş ediblər.
Sinqapur da vaksinasiyadan keçmiş səyahətçilər üçün məhdudiyyətlərin yumşaldılması imkanlarını nəzərdən keçirir.