İQTİSADİYYAT

Əlövsət Quliyev: “Azərbaycanın keyfiyyətli su əldə etmək imkanı var”

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev deyir ki, ХХ əsrin əvvəllərinə qədər şəhərlərin və 200-dən çox kənd yaşayış məntəqəsinin su təchizatını yalnız kəhrizlər təmin edib
Sputnik

Azərbaycanın kəhrizlər vasitəsilə hər il orta hesabla 300-350 milyon kubmetr təmiz və keyfiyyətli su əldə etmək imkanı var. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda (Naxçıvan MR istisna olmaqla) rəsmi dövlət qeydiyyatında olan 623 kəhrizdən 332-si işğal altında idi:

“Şükürlər olsun ki, onlar da işğaldan azad olundu. Beləliklə, hər il orta hesabla 300-350 milyon kubmetr təmiz və keyfiyyətli kəhriz suyu əldə etmək imkanımız oldu. ХХ əsrin əvvəllərinə qədər Bakı, Gəncə, Bərdə, Naxçıvan, Ordubad və digər şəhərlərin və 200-dən çox kənd yaşayış məntəqəsinin su təchizatını yalnız kəhrizlər təmin edib. 1938-ci ildə Azərbaycanda rəsmi dövlət qeydiyyatında 885 kəhriz olub. Onların su sərfi 13,354 kubmetr/saniyə, il ərzindəki miqdarı 420 milyon kubmetr həcmə bərabər olub”.

Əlövsət Quliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz