BAKI, 10 yanvar - Sputnik. Hüquq-mühafizə orqanlarının əməkdaşları Almatının mərkəzində etiraz aksiyasının keçirilməsinə mane olurlar. RİA Novosti xəbər verir ki, aksiyanın bir neçə iştirakçısı saxlanılıb.
Bu gün Qazaxıstan parlamentinin aşağı palatasına seçki keçirilir. Seçkini boykot etmək planını isə hələ dünəndən qeydə alınmamış Qazaxıstan Demokrat Partiyası, "Oyan, Qazaqstan!" (Oyan, Qazaxıstan), eləcə də məhkəmənin qadağan elədiyi "Qazaxıstanın demokratik seçimi" hərəkatı bəyan etmişdilər. Şəhərin mərkəzindəki Respublika meydanında, Müstəqillik abidəsinin yaxınlığında toplaşan, əsas mitinqə qoşulmaq istəyən onlarla etirazçını polis mühasirəyə alıb. Etirazçılar seçkinin boykot edilməsinə çağırırlar.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, etiraz əhvalı bütün dünyada var və əgər seçkiylə əlaqədar etirazlar başlasa, polis qanuna müvafiq qaydada hərəkət edəcək, etiraz edənlərə qarşı heç bir repressiv addım atılmayacaq.
Sputnik Qazaxıstan isə seçki günü müşahidə olunan digər maraqlı tendensiyaları gözdən qaçırmayıb.
Məsələn, Karaqandada seçki mənətəqələrindən birində ayı kostyumunda iki nəfər peyda olub. Ancaq yaşları çatmadığından onları səsverməyə buraxmayıblar.
Nursultanda isə üzünü və saçını göy rəngə boyamış kişi məntəqəyə alt paltarında gəlib. 12 dərəcə şaxta və küləyə rəğmən paytaxt sakini, bloger Yuri Toloçko mayka-tumanda gəzməyini seçkilərin şəffaf keçirilməsi arzusu, üzünü və saçını göy rəngə boyamasını isə tolerantlıq rəmzi kimi qələmə verib.
"İstəyirəm ki, bizdə gözün formasına, dərinin rənginə, düşüncə tərzinə, gender mənsubiyyətinə, seksual oriyentasiyaya görə diskriminasiya olmasın", - "böyüklər üçün" kukla ilə "evli" olan Toloçko izah edib.
Kostanayda isə seçicilərin diqqətini Qrinç ("Qrinç - Milad oğrusu" filminin qəhrəmanı) və Südəmər körpə (eyniadlı cizgi filminin qəhrəmanı) kostyumunda olan şəxslər cəlb ediblər.
Qeyd edək ki, seçki bu gün yerli vaxtla 20:00-da başa çatacaq.