İcazəsiz postlardan keçməyə cəhd edən minlərlə maşın və vətəndaş saxlanılıb

Ölkə üzrə karantin rejimi qaydalarını pozan 3147 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Sputnik

BAKI, 9 yanvar - Sputnik. Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, 2021-ci il yanvarın 8-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2258 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

"Ölkə üzrə karantin rejimi qaydalarını pozan 3147 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Eyni zamanda, ev şəraitində müalicə təyin edilən 12 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılmaqla barələrində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik", - deyə qeyd olunub.