CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərdə donma müşahidə edilir

Sibirdən daxil olan anomal soyuq hava cərəyanları bir qədər uzun müddətli olduğuna görə hətta buzun qalınlığı həmişəkindən 30 faiz çox olub
Sputnik

BAKI, 8 yanvar — Sputnik. "Xəzər dənizinin şimalında hər il olduğu kimi, bu il də donma prosesləri müşahidə olunur".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook" səhifəsində yayımlanan "Ekspert saatı"nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, Sibirdən daxil olan anomal soyuq hava cərəyanları bir qədər uzun müddətli olduğuna görə hətta buzun qalınlığı həmişəkindən 30 faiz çox olub.

Tağıyevanın sözlərinə görə, istiləşmə ölkə ərazisində qeyri-bərabər şəkildə paylanır: "Son onilliklərdə iqlimdə istiləşmə gedir. Bəzi bölgələrdə göstəricilər daha yüksəkdir, məsələn, 1.4 dərəcə. Bəzi bölgələrdə 0.8 dərəcə, amma istiləşmə prosesi müşahidə olunur. Görürük ki, iqlimin istiləşməsi nəticəsində qış aylarında şaxtalı günlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Azalma varsa, yağıntılar artıq qar şəklində deyil, yağış şəklində düşür. Yağıntıların da miqdarında azalma qeydə alınır. Bu problem nəinki Azərbaycanda, bir çox ölkələrdə baş verir. Bu da iqlim dəyişmələrinin təzahürləridir".