İQTİSADİYYAT

İşğaldan azad edilmiş ərazilərdə müasir sosial infrastruktur qurulacaq

Dövlət başçısı proqramın bu ildə də davam etdirilməli olduğunu, Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəyini bildirib
Sputnik

BAKI, 8 yanvar — Sputnik. 2020-ci il Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfəri ilə tariximizə qızıl hərflərlə yazıldı. Artıq azadlığına qovuşmuş doğma yurd yerlərimizin bərpası və yenidən qurulması işləri çərçivəsində həmin bölgələrdə müasir sosial infrastruktur qurulacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən iclasda danışıb.

Nazir diqqətə çatdırıb ki, 2020-ci ildə sosial müdafiə və aktiv məşğulluq proqramları əhəmiyyətli dərəcədə genişlənib. Müşavirədə dövlət başçısı keçən il sosial sahədə çox böyük işlər həyata keçirildiyini qeyd edərək deyib: "Bu il biz şəhid ailələri üçün daha çox sayda evlərin verilməsini təmin etməliyik. Bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib".

S.Babayev bildirib ki, ötən il 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulmuşdu, artıq yaxın günlərdə həmin planın icrası tam başa çatacaq. Dövlət başçısı proqramın bu ildə də davam etdirilməli olduğunu, Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəyini bildirib. Həmin tapşırığın icrası ilə əlaqədar işlər Nazirlik tərəfindən yüksək səviyyədə yerinə yetiriləcək.