QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan üçtərəfli bəyanatda Yerevan üçün nəyin əsas olduğunu açıqladı

Paşinyan qeyd edib ki, üçtərəfli bəyanatda Ermənistan ərazisi ilə bağlı "Mehri" və ya "dəhliz" sözləri yoxdur. Onun sözlərinə görə, Ermənistandan Rusiyaya və Azərbaycandan Naxçıvana marşrutun seçimi ayrıca müzakirələrin predmetidir.
Sputnik

BAKI, 8 yanvar — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Qarabağ üzrə üçtərəfli bəyanatında Ermənistan tərəfi üçün prioritet olan maddələri açıqlayıb. Sputnik Ermənistan xəbər verir ki, bunu Paşinyan öz "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, rəsmi Yerevan üçün ilk növbədə bəyanatın 8-ci maddəsinin - əsir, girov və saxlanılan şəxslərin tam olaraq dəyişdirilməsi, həmçinin hərbi əməliyyatlar zonasında axtarış-xilasetmə işlərinin miqyasının genişləndirilməsidir.

Bundan sonra, Ermənistan rəhbərliyi regionda nəqliyyat və iqtisadi kommunikasiyaların bərpasını prioritet hesab edir. Belə ki, bu, Ermənistandan Azərbaycan ərazisi ilə Rusiya və İrana yükdaşımaları, həmçinin Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən keçməklə nəqliyyat kommunikasiyasının bərpasını nəzərdə tutur.

Paşinyan qeyd edib ki, üçtərəfli bəyanatda Ermənistan ərazisi ilə bağlı "Mehri" və ya "dəhliz" sözləri yoxdur. Onun sözlərinə görə, Ermənistandan Rusiyaya və Azərbaycandan Naxçıvana marşrutun seçimi ayrıca müzakirələrin predmetidir və onların effektivliyi əsir və ölənlərin cəsədləri ilə bağlı problemin necə həll olmasından asılı olacaq.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.