BAKI, 8 yanvar — Sputnik. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Ukraynanın Xerson (Kherson) vilayətinin Kaxovka rayonu və Koreya Respublikasının Çunqçeonqnam-Do (Chungcheongnam-Do) əyaləti ərazilərində yüksək patogen quş qripi xəstəliyi, Bolqarıstan Respublikasının Blaqoyevqrad (Blagoevgrad) vilayətinin ərazisində blutanq xəstəliyinin qeydə alınması barədə məlumat yayıb.
AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, təşkilatın 30 dekabr 2020-ci il və 4 yanvar 2021-ci il tarixli rəsmi məlumatları nəzərə alınaraq, Bolqarıstanın Blaqoyevqrad vilayətindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, Koreya Respublikasının bütün ərazisindən və Ukraynanın Xerson vilayətindən diri quş və quş məhsullarının ölkəmizə idxalına müvəqqəti məhdudiyyətin tətbiq olunması ilə bağlı AQTA tərəfindən 5 yanvar 2021-ci il tarixində müvafiq qərar qəbul edilib. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Ukrayna, Koreya və Bolqarıstan respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.