BAKI, 8 yanvar — Sputnik. Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib ki, o və ABŞ Prezidenti bundan sonra oxşardırlar. Sputnik Azərbaycan xəbər verir ki, bu fikri Kadırov öz "Telegram" səhifəsində yazıb.
"İndi mən Trampla nədəsə oxşarıq: Əgər əvvəl o məni sosial şəbəkələrdə blok edirdisə, indi Allah ədaləti bərpa etdi və nəticədə üsyançı Donald Trampın hesabları da bağlandı", - deyə Çeçenistan rəhbəri qeyd edib.
O əlavə edib ki, əgər Tramp demokratiya və insan haqlarına hörmətlə yanaşsa idi, onda yəqin ki, belə bir şey baş verməzdi".
Xatırladaq ki, "Instagram" sosial şəbəkəsi "Facebook" və "Twitter"dən sonra ABŞ Prezidenti Donald Trampın hesabını dondurmaq barədə qərar qəbul edib.
"Biz də prezident Trampın hesabını 24 saatlıq bağlayırıq", - deyə Mosseri "Facebook"un analoji mesajını "retweet" edərək paylaşıb.
Qeyd edək ki, daha əvvəl "Twitter" ABŞ prezidentinin hesabını 12 saatlıq, "Facebook" isə 24 saatlıq dondurmuşdu.
Bu sosial şəbəkələr və "Youtube" həmçinin Trampın etirazçılara müraciətini blok edərək, bunun onların qaydalarına uyğun olmadığını qeyd edib.
Qeyd edək ki, yanvarın 6-sı Kapitoli binasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər də gözündən xəsarət alıb.
Toqquşmalarla əlaqədar ABŞ Senatı iclasını yarımçıq dayandırıb. Daha sonra Nümayəndələr Palatası iclasını yarımçıq kəsib. Hər iki palatanın üzvləri binadan təxliyə ediliblər. Etirazçılar isə binadan çıxarılıblar. Toqquşmalarla əlaqədar 20 etirazçı saxlanılıb.
ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 4 nəfər həlak olub.
Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb.
ABŞ-da baş verən toqquşmalar yalnız paytaxt Vaşinqtonu əhatə etməyib.
Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın tərəfdarları Los-Ancelesdə də qarşıdurmalar yaradıblar.
Məlumata görə, Los-Ancelesdə də prezident seçkilərinin nəticələrinin ləğvi tələbi ilə bağlı keçirilən mitinqin gedişatında polislə kütləvi toqquşmalar olub.