CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

2020-ci il daha bir bəd rekord vurubmuş

"Bu, antropogen amillərin planetin iqliminə necə böyük təsir göstərdiyini və təbii amillərin artıq öz əhəmiyyətini itirdiyini göstərir".
Sputnik

BAKI, 8 yanvar — Sputnik. 2020-ci ildə Yer kürəsində orta temperatur 2016-cı ildə qeydə alınmış rekord səviyyəyə çatıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Copernicus Climate Change Service" (C3S) məlumat yayıb. C3S – Avropa Şurasının himayəsi altında olan "Copernicus" Yer Müşahidə Proqramı ("Copernicus" Earth Observation Programme) tərəfindən təqdim edilən altı tematik məlumat xidmətindən biridir. "Copernicus" – Avropada və digər ölkələrdə mövcud olan tədqiqat infrastrukturları və elmi məlumatlara əsaslanan əməliyyat proqramıdır. Qeyd edək ki, C3S Dünya İqlim Tədqiqatları Proqramı (WCRP) tərəfindən aparılan iqlim tədqiqatlarına əsaslanır.

Başa çatmaqda olan 2020-сi ildə baş vermiş təbii fəlakətlər şəkillərdə

"2020-ci ildə orta temperatur qlobal miqyasda ən isti il hesab olunan 2016-cı ildəki göstəriciyə çatıb. Beləliklə, 2011-2020-ci illər bütün müşahidə müddətində planetdə ən isti onillik kimi tarixə düşüb", – deyə məlumatda bildirilir.

Bundan başqa meteoroloqlar 2020-ci ili Avropada ən isti il kimi qeydə alıblar. Bu ilin yay aylarında Avropada termometrlərin göstərdiyi ən yüksək hərarət 2019-cu illə müqayisədə 0,4 dərəcə çox olub.

Qeyd edək ki, Rusiya Hidrometeorologiya Mərkəzi də 2020-ci ili Rusiya tarixində ən isti il kimi qeydə alıb.

"Əgər qlobal səviyyədə rekorddan danışsaq, deməliyəm ki, 2016-cı və 2020-ci illərin orta temperaturu bir-birinə çox yaxın olub. Hazırda bu illərdən hansında temperaturun daha yüksək olduğu araşdırılır", – deyə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand "RİA Novosti"yə müsahibəsində bildirib.

Mütəxəssisin sözlərinə görə, 2020-ci il, həmçinin insan fəaliyyətinin yer iqliminə böyük təsir göstərdiyini də təsdiqləyib. O əlavə edib ki, bu vəziyyət antropogen emissiyaların yaratdığı atmosferdəki CO2 konsentrasiyasının davamlı artması fonunda meydana gəlib.

"Bu, antropogen amillərin planetin iqliminə necə böyük təsir göstərdiyini və təbii amillərin artıq öz əhəmiyyətini itirdiyini göstərir", – deyə Vilfand vurğulayıb.