CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək

"Vaksinasiyadan sonrakı bir ay müddətində vəziyyət analiz olunduqdan sonra müzakirə edilə, Azərbaycanda karantin qaydalarında müəyyən yumşaldılma addımları atıla bilər".
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 yanvar — Sputnik. Artıq bir neçə gündür ki, sosial platformada karantin qaydalarının yumşaldılacağı, hətta dərslərə başlanacağı barədə məlumatlar yayılır. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev də mətbuata açıqlamasında bildirib ki, yanvarın 18-dən sonra karantin yumşaldıla bilər: "Düşünürəm ki, yaxın vaxtlarda vaksinasiya başlayandan sonra virusa yoluxma daha da azalacaq. Mən hesab edirəm ki, bu ilin aprelinə qədər koronavirus pandemiyasından qurtara bilərik. Amma lazımdır ki, hamı vaksinasiyaya cəlb olunsun. Koronavirusa yoluxmada müşahidə edilən azalmalar nisbidir. Bayram günlərində götürülən test sayları az olub. Qəti qərar üçün qarşıdakı bir həftəni də gözləməliyik. Əgər azalmalar bu tempdə davam edərsə, 18 yanvardan sonra karantin yumşaldıla bilər".

Vaksinasiya ilə bağlı təlimlər başlandı: maket üzərində - FOTO

Sputnik Azərbaycan karantin qaydalarının yumşaldılması ilə bağlı anonsların nə dərəcədə həqiqətəuyğun olduğunu, yumşaldılmanın hansı formada aparılacağını araşdırıb.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yanvarın ikinci yarısından koronavirusa görə vaksinasiyaya başlanılması nəzərdə tutulub: "Hesab edirəm ki, koronavirusa görə vaksinasiyaya başlanılmasından iki həftə sonra Azərbaycanda sərtləşdirilmiş karantin qaydaları yumşaldıla bilər. Amma təbii ki, karantin qaydaları mərhələli şəkildə yumşaldılmalıdır. Birdən-birə bütün qadağaları götürmək yoluxma sayını yenidən artıra bilər".

Ə.Rüstəm deyir ki, ilk mərhələdə sms-icazə sistemi aradan qaldırılmalıdır:

"Yanvarın 18-dən sms-icazə sistemi, düşünürəm ki, aradan qaldırılacaq. Vaksin vurulduqdan iki həftə sonra mərhələli şəkildə əyani təhsili bərpa etmək olar. İlk növbədə aşağı siniflərdə dərslər bərpa edilməlidir. Yavaş-yavaş yuxarı siniflərdə də əyani dərslərə aprelə kimi keçmək olar".

Dosent bildirir ki, iaşə sahələrində də xidmətləri bərpa etmək lazımdır: "Restoranlar yerində xidmətə, ticarət mərkəzləri tədricən öz fəaliyyətinə başlaya bilər. Hətta el şənliklərinin keçirildiyi məkanlarda da xidmət bərpa oluna bilər. O qədər də çox qonaq olmamaq şərtilə toylara icazə verilməlidir".

Koronavirus peyvəndinin Azərbaycana tədarükü niyə gecikir?

Müsahibimiz turizm sektorunda da qaydalara əməl etmək şərtilə qadağaların götürülməli olduğunu söyləyir: "Amma biz bütün sahələrdə xidməti bərpa etməyə qaydalara əməl etmək şərtilə başlamalıyıq. Əgər sosial məsafə, gigiyenik tələblərə əməl etməsək, vaksinasiyaya rəğmən, yoluxma sayında yenidən artım baş verə bilər. Çünki vaksinasiya kütləvi şəkildə aparılmayacaq. İlk növbədə əhalinin həssas təbəqəsi peyvənd olunacaq. Buna görə də sərtləşdirilmiş karantin mərhələli və qaydalara əmək etməklə yumşaldılmalıdır".

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sərt karantin qaydalarının yumşaldılması tədricən həyata keçirilməlidir. Əks halda, virusa yoluxmada arzuolunmaz mənzərə ortaya çıxa bilər:

"Karantin tədbirlərindən alınan müsbət dinamikadan sonra, əlbəttə ki, müəyyən yumşaldılmalara gediləcək. Karantin tədbirlərinin tətbiqi də elə bundan ibarətdir ki, yoluxmanın intensivliyi aşağı düşşün. Bundan arxayınlaşmaq olmaz. Biz karantin tədbirləri ilə xəstəliyin kökünü kəsə bilmirik. Xəstəlik davam edir, amma sürəti azalır. Yəni insanların koronavirusa yoluxma sayında azalma müşahidə edilir.

Vaksinasiyanın yanvar ayının ortalarından etibarən başlanılması planlaşdırılır. Vaksinasiyadan sonrakı bir ay müddətində vəziyyət analiz olunduqdan sonra müzakirə edilə, Azərbaycanda karantin qaydalarında müəyyən yumşaldılma addımları atıla bilər. Bakıdan rayonlara gediş-gəliş də həmin müddətdən sonra açıla bilər. Əsas məsələ ondan ibarətdir ki, yumşaldılma mərhələli şəkildə həyata keçirilsin. Əks halda, bu, yoluxma rəqəmlərin artımına gətirib çıxarar. Biz karantin qaydalarına əməl etməliyik, qoruma vasitələrindən istifadə etməliyik. Passiv immunizasiya, yəni peyvəndin tətbiqi nəticəsindən sonra immunitetin formalaşması yetərli olduğu halda yumşaldılmaya getmək olar. Hal-hazırda bizim arxayınlaşmamız yenidən virusa yoluxmada artıma gətirib çıxarda bilər".