CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dilqəm Əsgərov Ermənistanda ona verilən işgəncələrdən danışıb

"Oradakı həbsxanada heç kim yox idi. Orada məni yıxdılar və təpiklədilər, əşyalarımı oğurladılar. Hətta diş pastamı və fırçamı da oğurladılar"
Sputnik

BAKI, 7 yanvar — Sputnik. "Bizim artilleriyanın səsləri yavaş-yavaş yaxınlaşırdı. Onlarda böyük təşviş vardı. Bizi gecə saat 11-də Şuşadan Gorusa apardılar".

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən mətbuat konfransında erməni girovluğunda saxlanılmış Dilqəm Əsgərov deyib.

O, daha sonra Yerevana aparıldığını bildirib: "Oradakı həbsxanada heç kim yox idi. Orada məni yıxdılar və təpiklədilər, əşyalarımı oğurladılar. Hətta diş pastamı və fırçamı da oğurladılar. Həbsxananın rəisi bizimlə 5 dəqiqə söhbət edib getdi. Mənim olduğum kameranın qapısını qaynaqladılar. Bütün gün qapını çəkiclə döyürdülər. Sonra yenə məni Gorusa apardılar, oradan da Xankəndinə. Daha sonra yenə də Yerevana qaytardılar və hava limanına gətirdilər".