BAKI, 7 yanvar — Sputnik. ABŞ-da baş verən hadisələr göstərir ki, ölkədə demokratik təsisatlar işini davam etdirir, lakin hazırkı prezident Donald Trampa qarşı mübarizədə nəzərəçarpacaq dərəcədə qərəz var.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Telegram-kanalında yazıb.
Onun sözlərinə görə, bu qərəzin formalaşmasında vitse-prezident Mayk Pensin rolu böyükdür:
"Əgər Tramp Pensin xoşuna gəlmirdisə, niyə onunla seçkiyə gedirdi? Sonra da vəziyyətin dəyişdiyini görən kimi Trampdan üz döndərdi".
Siyasətçi belə hesab edir ki, Trampın öz tərəfdarlarını seçkinin nəticəsinin saxtalaşdırılmasına qarşı mübarizəyə çağırmaq əvəzinə Kapitoliyə hücuma səsləməsi səhv addım idi. Bundan başqa, RLDP sədri belə hesab edir ki, Tramp hələ də hökumətə təsir etmək gücünə sahibdir. Belə ki, vaxtilə ölkənin müdafiə naziri olmuş on şəxs hazırkı prezidentin tərəfində olduqlarını bəyan edib.
Qeyd edək ki, yanvarın 6-da Vaşinqtonda ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis arasında toqquşmalar baş verib. Seçkinin nəticəsinə etiraz edənlər Konqres binasına hücum çəkərək 4 saat orada qala biliblər. Hadisə nəticəsində 4 nəfər ölüb, 50-dən çox etirazçı həbs olunub.