BAKI, 7 yanvar — Sputnik. Artıq Almaniyada baş verən meteoroloji hadisələrə xarici adlar veriləcək. Sputnik Azərbaycan TRT Haber-ə istinadla xəbər verir ki, almanlar 2021-ci ildə qar yağmasına səbəb olan güclü küləyə "Əhməd" adını veriblər.
Maraqlısı odur ki, almanlar təbiət hadisələrinə xarici ad verməklə ölkədə irqi ayrı-seçkiliyi aradan qaldırmaq niyyətindədirlər. Bu missiyanı üzərinə götürən "Yeni alman mediaçıları" dərnəyi bu il Almaniyada baş verəcək mühüm təbiət hadisələrinin adlandırılması üzrə müəllif huquqlarını satın alıb.
Nəticədə Almaniya Meteorologiya Bürosundan satın alınan 14 atmosfer hadisəsinə ölkədə geniş yayılmış "Əhməd", "Camal", "Goran", "Dimitrios" kimi xarici adlar verilib.
Qeyd edək ki, Almaniya Meteorologiya Bürosundan təbiət hadisələrinə ad vemək üçün müəllif hüququ əldə etmək təxminən 230-330 avroya başa gəlir.