BAKI, 7 yanvar — Sputnik. Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini ictimai nəqliyyatda çantasından pul və sənədlər olan pulqabısının naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Samux rayon sakini Səlbinaz Həsənova saxlanılıb. Onun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı saxlanılan şəxsin daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, onun şəhər ərazisində xətt avtobusunda qadının çantasından pul və bank kartları oğurladığı müəyyən edilib.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, S.Həsənovanın digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.