BAKI, 7 yanvar — Sputnik. Dövlət sərhədlərinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, yanvar ayının 2-də Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə keçirilmiş kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb.
Bağlamaya baxış zamanı təxmini çəkisi 1 kiloqram 400 qram narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülüb.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.