İQTİSADİYYAT

Neftin qiyməti "uçur"

OPEC+-un dünənki iclasında iki ssenari nəzərdən keçirilirmiş: ya fevralda neft istehsalını sutkada yarım milyon barrelədək artırmaq, ya da yanvar göstəricilərini saxlamaq
Sputnik

BAKI, 5 yanvar - Sputnik. WTI markalı neftin qiyməti fevralın 26-dan bəri ilk dəfə olaraq 50 dollar/barreli ötüb. 

Sputnik Azərbaycan bildirir ki, Brent markalı neftin mart fyuçerslərinin qiyməti 4.01% artaraq 1 barrelə görə 53,14 dollara çatıb. WTI markalı neftin fevral fyuçerslərinin qiyməti isə 4,62% bahalaşıb və 49,81 dollar olub. Bundan bir neçə dəqiqə öncə isə WTI neftinin bir barrelinin qiyməti 50 dollardan yuxarı qiymətə çatıb.

Bu arada Rusiya ilə Səudiyyə Ərəbistanı fevralda neft hasilatının kvotaları barədə razılığa gəliblər. 

Bu barədə Wall Street Journal danışıqlar prosesi ilə tanış olan mənbələrinə istinadən yazıb. Nəşrin məlumatına görə, tərəflər indiki hasilat həcmini fevralda saxlayacaq, yazdan isə artıracaqlar. 

OPEC+-un dünənki iclasında İranın neft naziri Bijan Zənganinin sözlərinə görə, iki ssenari nəzərdən keçirilirmiş: ya fevralda neft istehsalını sutkada yarım milyon barrelədək artırmaq, ya da yanvar göstəricilərini saxlamaq.