Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 5 yanvar — Sputnik. Rejissor Masər Həsənovun "Yada sal məni" filmi "12th Independent International Internet Short Film Festival"ında iştirak edib. Rejissorun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, tamaşaçı rəğbəti nominasiyasında 66 iştirakçı arasında 5-ci olub: "28 juridən 18-nin seçiminə görə festivalın 1-ci dərəcəli laureatı diplomu qazandıq (66 iştirakçı arasında 8-ci yer). Bildirək ki, "Yada sal məni" filmi Azərbaycanda 2, ABŞ-da 2, İngiltərədə 2 festivalda iştirak edib".
"Bu film operator Qalib Bağırovla mənim diplom işimiz idi. Film Natiq Rəsulzadənin "Lal" əsərinin motivləri əsasında çəkilib. Həyat yoldaşını itirən baş qəhrəmanımız (Elşən Rüstəmov) özünə qapanıb. Həyatı monoton keçir. Hər şey gecə bir xanımın gəlişi ilə dəyişir. Filmdə Akademik Milli Dram Teatrının aktyoru Elşən Rüstəmov və Azərbaycan Dövlət Pantomima Teatrının aktrisası Nuridə Musabəyli rol alıblar", - deyə rejissor bildirib.