SƏHİYYƏ

Çində "Mercedes"də COVID-19 virusu tapılıb

Səlahiyyətli qurumlar "Daimler"ə məxsus müəssisədə epidemiya əleyhinə qaydalara riayət olunmadığı qənaətindədir. Güman olunur ki, infeksiya virusa yoluxmuş işçilərdən istehsal olunan məhsullara ötürülüb.
Sputnik

BAKI, 4 yanvar - Sputnik. Məşhur "Mercedes-Benz" avtomobil brendinin sahibi "Daimler" şirkətinin Pekin şəhərindəki ehtiyat hissələrin istehsalı və satışı müəssisəsində bəzi aksesuarlardan götürülmüş nümunələrdə COVID-19 virusu aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, satış mərkəzinin yerləşdiyi Şunyi rayonu hökuməti sədrinin müavini Ci Sianvey həmin müəssisədə işləyən 11 nəfərin də yeni növ koronavirusa yoluxduğunu bildirib. Müəssisədə ilk yoluxma dekabrın 26-da qeydə alınıb. Rayon rəhbərliyi dərhal müəssisənin işini dayandırıb və müvafiq epidemioloji təhqiqata başlanılıb. Müəssisənin yoluxma aşkarlanan bölümündə çalışan digər işçilər təcrid edilib. Nəticədə qeyd olunan yoluxmalar aşkarlanıb.

Pekinin səlahiyyətli qurumları "Daimler" şirkətinə məxsus müəssisədə epidemiya əleyhinə qaydalara riayət olunmadığı, o cümlədən işçilərin qoruyucu maska taxmadığı qənaətindədir. Güman olunur ki, infeksiya virusa yoluxmuş işçilərdən istehsal olunan məhsullara ötürülüb. Havanın soyuq olması isə virusun məhsullar üzərində "yaşamasına" imkan verib. Epidemioloqlar ehtiyat hissələrin üzərindəki infeksiya miqdarının az olması səbəbindən həmin əşyalara toxunanların yoluxma ehtimalının az olduğunu düşünür. Artıq Çinin bir neçə şəhərində "Daimler"in Pekindəki müəssisəsində istehsal olunmuş ehtiyat hissələrində COVID-19 virusu aşkarlanıb.