QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağın azad edilməsi bizi "susuzluqdan" da qurtaracaq - RƏQƏMLƏR

Qarabağ bölgəsi yalnız füsunkar təbiətə, münbit və bərəkətli torpağa, qədim tarixə, əhəmiyyətli abidələrə deyil, həm də zəngin su ehtiyatlarına malikdir.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 yanvar — Sputnik. Azərbaycan Respublikasında axan çayların illik su ehtiyatları 32,3 km3 qəbul edilir ki, bunun da 10.0 km3-u sərhədlərimiz daxilində formalaşır. Ümumi su ehtiyatlarımızın təxminən 25%-i Qarabağ bölgəsindədir. Yəni, Qarabağ bölgəsi su ehtiyatları ilə daha zəngindir.

Bu barədə Sputnik Azərbaycan-a Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov danışıb.

"Suqovuşan su anbarı mühafizəyə götürülüb"

O, qeyd edib ki, başlanğıcını Kiçik Qafqazdan götürən Tərtərçay, Xaçınçay, Quruçay və Həkəri çayları Araz çaylarının qollarıdır.

Qarabağın yerüstü su ehtiyatları dedikdə, əsasən bu çayların illik axın həcmləri və hövzələrində tikilmiş su anbarlarında toplanmış su nəzərdə tutulur.

"Tərtərçayın mənbəyi Kəlbəcər rayonu ərazisindəki 3120 m yüksəklikdədir. Kür çayına qovuşan yerdə yer səthinin yüksəkliyi 3 metrdir. Çayın su yığdığı sahə, yəni, çay hövzəsi 2650 km2, uzunluğu 200 km, hövzənin orta eni 13,2 km, hövzədə yer səthinin orta yüksəkliyi 1820 metrdir. Çayın 31 qolu var, bunlardan 11-i sağ sahildən, 20-si sol sahildən çaya qovuşur. Çayda orta maillik 0,0016, isti su ətrafındakı hissədə sərt maillik 0,0055-dir. Kəlbəcər royu ərazisində çayın sol sahilində Zəlxagöl, Qamışlıgöl, Zəligöl və Qapıgöl adlandırılmış kiçik həcmli təbii göllər var"-deyən ekspert bildirib ki, çayda çoxillik orta sərfin qiyməti Suqovuşanda (Madagizdə) 147 m3/san müşahidə olunub.

Onun sözlərinə görə, Suqovuşan su anbarı 1975-ci ildə istismara verilib. Tam həcmi 5,85 mln m3, faydalı həcmi 5,21 mln m3-dir.

Anbara yığılmış su ilə Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının ərazilərində 96217 hektar əkin sahələrinin suvarılması nəzərdə tutulub.

F. Həsənov qeyd edib ki, Sərsəng su anbarı 1976-ci ildə istismara verilib. Ümumi həcmi 560 mln m3, faydalı həcmi 500 mln m3, bəndin hündürlüyü 125 m, suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulan əkin sahələri 144,8 min hektardır.

Horadizdə mərmi su anbarının yanında partladı - "Problem yaranmayıb"

Qarabağın önəmli yer üstü su ehtiyyatlarından biri də Xaçınçaydır.

Xaçınçay mənbəyini Hacıyurd, Uyuxlu, Gilqiyas, Çiçəkli və Alaqaya yüksəkliklərindən götürür. Çayın uzunluğu 119 km, hövzəsinin sahəsi 657 km2-dir. Çayın 5 km-dən uzun olan 12 qolu var. Qollardan 5-i sağ, 7-si sol sahildədir. 1964-cü ildə çayın məcrasında su anbarı tikildikdən sonra çayın axını Kür çayına çatmır. Çoxillik orta su sərfi 3,08 m3/san müşahidə olunub. Çay hövzəsində yer səthinin orta yüksəkliyi 1558 m-dir. Xaçınçay su anbarının bəndi tikilən yerdə yüksəklik 480 m, ümumi su tutumu 23 mln m3, faydalı həcmi 20 mln m3 , suvarma suyu ilə təmin olunsn sahə 16,8 min hektar, bəndin hündürlüyü 38 m, su anbarının çay boyunca uzunluğu 2,5 km, eni isə 1,5 km-dir. Anbar tam dolduqda su səthinin sahəsi 1,76 km2 olur.

Mütəxəssis bildirib ki, Qarqarçay Xəlfəliçay və Zarıslı çaylarının qovuşmasından yaranır. Mənbəyini 2080m yüksəklikdən götürür. Çay suyunu Kür çayına çatdırmır. Ağgöl ətrafında itir. Uzunluğu 115 km, hövzəsinin sahəsi 1490 km2, uzunluğu 5 km-dan artıq olan 11 qolu var. Qolların 5-i sağ, 6-sı sol sahildən çaya qovuşur. Hövzədə orta yüksəklik 1241 m, hövzədə meşə örtüyü 245 km2-dir.

Qarqarçayın çoxillik orta sərfi 1,7 m3/ san, maksimal sərfi 116 m2/san müşahidə olunub. Əsasən Şuşa, Xocalı, Xankəndi, Əskəran, Ağdam və Ağcabədi rayonları ərazisindən keçir.

F. Həsənov qeyd edib ki, Qarabağ ərazisində olan Həkəriçay mənbəyini Kəlbəcər rayonu ərazisində 2080 m yüksəklikdən başlayır. Bazarçayla qovuşduqdan sonra Araza axır. Şəlvə və Qoçazsu çaylarının 147,6 m yüksəkliyində qovuşmasından yaranır. Çayın uzunluğu 128 km, hövzəsinin sahəsi 540 km2, uzunluğu 5km-dan artıq olan 15 qolu var. 10-u sol sahildən, 5-i isə sağ sahildən çaya qovuşur. Çay hövzəsinin orta yüksəkliyi 1835 m-dir. Əsasən Laçın və Qubadlı rayonu ərazisində axır. Şay əsasən yeraltı sularla qidalanır. Maksimal daşqın sərfi 106 m3/san, çoxillik orta sərfi 9,73m3/san-dir.

Bu yayın bəlaları tükənmir - Mingəçevir su anbarı yaxınlığında böyük təhlükə yaranıb

Ərazidə olan çaylardan Köndələnçay başlanğıcını 1780 m yüksəklikdən götürür. Araz çayına tökülən yerdə yüksəklik 90 m, hövzənin orta yüksəkliyi 708 m, Qırmızı Bazara kimi isə 1130 m-dir. Hövzədə 41 km2 meşə örtüyü var. Maksimal daşqın sərfi 90 m3/san, çoxillik orta sərf 052 m3/san-dir. Çayın uzunluğu 102 km, hövzəsinin sahəsi 536 km2-dir.

Onun sözlərinə görə, Füzuli rayon ərazisində çayın üzərində su anbarı tikilib: "Köndələnçay su anbarı I: 1951-ci ildə istismara verilib. Ümumi həcmi 3,7 mln m3, faydalı həcmi 2,1 m3, suvarılan sahə 2,7 min hektar, bəndin hündürlüyü 14 m, su səthinin sahəsi 4,2 km2-dir.

Köndələnçay su anbarı III: 1962-ci ildə istismara verilib, ümumi həcmi 3,9 mln m3, faydalı həcmi 3,6 mln m3, su səthinin sahəsi 5,2 km2, bəndin hündürlüyü 23,35 m, suvarılan əkin sahəsi 7,1 min hektardır.

Aşağı Köndələnçay su anbarı: 1980-ci ildə istismara verilib, ümumi həcmi 9,5 mln m3, suvarılan əkin sahəsi 6,2 min hektardır".

Alimin bildirdiyinə görə, ərazidə olan Quruçayın uzunluğu 82 km, hövzənin sahəsi 512 km2-dir. Çayın mənbəyi Böyük Kirs dağında 2320 m yüksəklikdən başlayır. Araz çayına tökülən yerdə yüksəklik 108 m-dir. Çayın iki əsas qolu var. Maksimal sərf Tuğ kəndində 41,3 m3/san, çoxillik orta sərf 1,6 m3/san.

F. Həsənov Azərbaycanın su ehtiyyatlarının formalaşmasında rolu böyük olan Xudafərin su anbarı haqqında da danışıb.

O bildirib ki, anbar Xudafərin körpüsündən bir az yuxarıda Cəbrayıl rayonu ərazisində tikilib. Su anbarının layihə sənədləri Bakıda hazırlanıb. İran İslam Respublikası ilə sovet dönəmində tikintisinə başlansa da, sonradan 1993-cü ildə erməni işğalı ilə bağlı tikintisi yarımçıq qalıb. Sonrakı illərdə İran bu anbarda tikinti işlərini başa çatdırıb: "Hazırda bizim tərəfdə SES binasının tikintisindən başqa demək olar ki, anbarda nəzərdə tutulmuş bütün işlər görülüb".

F. Həsənov qeyd edib ki, anbarın layihə göstəriciləri belə olub.

Bəndin hündürlüyü 70 m, üstdən uzunluğu 500 m, ümumi su tutumu 1,61 milyard m3, faydalı həcmi 1,5 milyard m3, hər iki sahildə gücü 100 min kvt olan SES binası.

Su anbarının tikilməsində əsas məqsəd yazda gursulu dövrdə axının müəyyən hissəsini su anbarında saxlamaq və yay aylarında Horadiz şəhərindəki Mil-Muğan hidroqovuşağını və Bəhrəmtəpə hidroqovşağını təlabata uyğun su ilə təmin etməkdir. Xudafərin bəndindən 13 km aşağıda Qız qalası hidroqovuşağı tikilir.

Qız qalası hidroqovuşağında torpaq bəndin hündürlüyü 36 m, hər iki sahildə SES binası, anbarın ümumi həcmi 60 mln m3 olacaq. Bəndin sağ və sol sahillərində hər iki ölkəyə 10m3/san sərf nəq elədəcək magistral kanalların tikilməsi nəzərdə tutulur. Qız qalasından qəbul edilən su ilə Cəbrayıl rayonu ərsazisində 10 min hektar əkin sahəsinin suvarılması nəzərdə tutulur.

Qarabağdan axan çayların hövzələrində mənbəyə yaxın hissədə atmosfer yağıntılarının illik miqdarı və hövzədən olan buxarlanmanın həcmi mənsəbə yaxın hissələrlə müqayisədə kəskin fərqlənir: "Məsələn, Cəbrayılda yağıntının orta illik miqdarı 415 mm (yəni, 4150 m3/hektar), Hadrutda 560 mm, Füzulidə 488 mm, Qubadlıda 430 mm, Laçında 595 mm, Ağdamda 460 mm. Buxarlanmanın miqdarı təxminən 378-420 mm intervallarında dəyişir. Müqayisə üçün Araz çayı ətrafı düzən hissəndə Horadiz şəhərində yağıntının orta illik miqdarı 284 mm, buxarlanma isə 800-900 mm intervalındadır. Yəni, Araz çayı boyu düzən ərazilərdə suvarma meliorasiya tədbirləri həyata keçirmədən əkilən bitkilərdən məhsul götürmək olmur".

Qarabağın dağətəyi düzənliklərində isə dəmyə şəraitində (yəni, suvarma tədbirləri həyata keçirmədən) üzüm, taxıl, noxud və digər meyvə bağlarından məhsul götürülür. Qarabağ bölgəsində yer səthinin yüksəkliyi artdıqca, yəni dağlara doğru becərilən bitkilərdən götürülən məhsulun çəkisidə artır .