SƏHİYYƏ

Təhlükə qapımızda: Gürcüstanda koronavirusun yeni ştammı aşkarlandı

Yoluxan şəxs 50 yaşdan yuxarı kişidir, hazırkı vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. O, cəmiyyətdən təcrid olunub.
Sputnik

BAKI, 4 yanvar - Sputnik. Gürcüstanda koronavirusun yeni ştammına ilk yoluxma halı təsdiqlənib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Yoluxan şəxs 50 yaşdan yuxarı kişidir, hazırkı vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. O, cəmiyyətdən təcrid olunub.

Qeyd edək ki, koronavirusun mutasiya olunmuş növü dekabrın ortalarında aşkar edilib. Böyük Britaniya Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adisindən daha sürətli yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın baş naziri Boris Conson yeni ştammın ilkin variantdakına nisbətən 70% daha yoluxucu olduğunu söyləyib.

Bundan əvvəl Azərbaycanla qonşu olan Türkiyədə də COVID-19-un yeni ştammına rast gəlinmişdi.