BAKI, 2 yanvar — Sputnik. 31 dekabr 2020-ci il tarixdə gecə saat 05 radələrində 1987-ci il təvəllüdlü Röyal İlyasovun yaşadığı evin yaxınlığında baş nahiyəsində odlu silah yarası xəsarəti olan meyitinin aşkar olunması barədə Pirallahı rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Sputnik Azərbaycan-a bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng qablaşdırılaraq götürülüb, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş kompleks istintaq və əməliyyat-axtarış tədbirləri ilə, zərərçəkmişin tanışları Elşən Gözəlov və Cəmil Hüseynovun 30.12.2020-ci il tarixdən 31.12.2020-ci il tarixə keçən gecə saat 02 radələrində şəxsi münasibətlər zəminində qabaqcadan əlbir olaraq bir qrup şəxs halında odlu silahdan istifadə edib Röyal İlyasovu yaşadığı evin yaxınlığında qəsdən həyatdan məhrum etmələrinə əsaslı şübhələr müəyyənləşib, Elşən Gözəlov və Cəmil Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.